Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların? PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?
Dutmuş idi yeri, göyü nalələrin, nəvaların...
Yoxsa qanıb da eybini boşlamısan ədaların?
Şimdi, hərif, söz həman mən deyən oldu, olmadı?

Sən demədinmi sağlamam, yox bədənimdə bir mərəz?
Mən demədimmi cövhəri-nəfsinə hirs olur ərəz?
Sən demədinmi şəxsimə əl tapa bilməyib qərəz?
Ta ki, olundu imtəhan, mən deyən oldu, olmadı?

Əncümən əhlinin, qoçaq, sən demədinmi, bir təki
Verməyəcək riza gələ ölkəmizə Ətabəki?!*
Noldu ki, tez boşaldı bəs iş görən əncümən də ki?
Köhnə qapı, həman daban, mən deyən oldu, olmadı?

Sən o deyilmidin, dedin: dumdur ümidgahımız?
Mən demədimmi, var buna dumduru iştibahımız?
Bakı vəkili getdimi, oldumu dadxahımız?
Get, hələ xamsən, dolan, mən deyən oldu, olmadı?

Sən demədinmi dumada rəf olur ehtiyacımız?
Mən də dedimmi çox yemə, tez pozulur məzacımız?!
Qara buludlar oynaşır, indi nədir əlacımız?
Çulğalayır bizi duman, mən deyən oldu, olmadı?

Sən o deyilmidin, dedin: var bizim ittihadımız?
Mən də, yadında var, dedim: yox buna etimadımız.
Büğzə, nifaqədir bizim qeyrətü ictihadımız?!
Pərdə açıldı nagəhan, mən deyən oldu, olmadı?

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 69 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366099