Fələ, özünü sən də bir insanmı sanırsan?! PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Fələ, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü cəlali gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Hər məclisi-alidə soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz ümərayə,
Caiz deyil insanca danışmaq füqərayə,
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Fəqr ilə ğina əhlinə kim verdi müsavət?
Mənadə də, surətdə də var bunda münafat,
Öz fəlini pulsuz edəməz kimsənə isbat,
Bu mümtənəi qabili-imkanmı sanırsan?!
Axmaq kişi, insalığı asanmı sanırsan?!

Get vur çəkincin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi-ğinayə nə şeyindən?
Bir abbasi gün muzdunu milyanmı sanırsan?!
Axmaq kişi, insalığı asanmı sanırsan?!

Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökümət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insalığı asanmı sanırsan?!

Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ nemətimizdən,
Boylə çıxacaqsızmı bizim minnətimizdən?
Ehsanımızın şükünü küfranmı sanırsan?!
Axmaq kişi, insalığı asanmı sanırsan?!

Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 23 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299659