Uçitellər PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Tövqif edilmişdi mağıl Gəncə siyezdi,
Olmuşduq əcəb biz dəxi rahət, uçitellər!

Düşdü tavuğu dövriyə bədbəxt “Nicat”ın,*
Əyləşmədi bir ləhzə fərağət uçitellər.

Divan-dərəni bəndə çəkib aldı dübarə,
Bu bidət olan əmrə icazət, uçitellər!

İndi Bakıda başlanacaq oldu bu iclas,
Olduq yenə ol məclisə dəvət, uçitellər!

Qoymur bu qapanmış bizi dünyadə beş-on gün
Adətcə çəkib deyf, edək işrət, uçitellər!

Bilməm bu seyezdin nədir axır bizə xeyri –
Hər ildə çəkək bunca əziyyət, uçitellər?!

Daim bu təşəbbüslər olur həqqul-əməlsiz,
Millət pulu yox, ta alaq ücrət, uçitellər!

Lazım gətirir xərc edək ancaq cibimizdən,
Həm xərc ola, həm mayeyi-zəhmət, uçitellər!

Boylə əmələ aqil olan mürtəkib olmaz,
Layiqmi cibişdanə xəyanət, uçitellər?!

Yəni nə deməkdir bu ki, sən pulunu xərc et,
Ta elm oxuyub dərs ala millət, uçitellər?!

Millətdən ötür ağlıyan axırda olur kor, -
Məzmunlu məsəldir bu ibarət, uçitellər!

Bildir də nə zəhmətlə bu iclasa yığışdıq,
Etdik nə qədər boş yerə söhbət, uçitellər!

Lağ-lağ danışıldı ki, nədir şiə və sünni,
Lazım ki, bir olsun bu şəriət, uçitellər!

Derdiz ki, gərəkdir açıla məktəbi-nisvan,
Bir yanda dəxi məktəbi-sənət, uçitellər!

Bu hərzəvü hədyanlara kimlər qulaq asdı,
Kim verdi bu axmaq sözə qiymət, uçitellər?!

Baş tutdumu beytülmalınız, söylə, sən allah?
Çəkdiz, mən ölüm, hiç xəcalət, uçitellər?!

İslamın ölüb yoxsa sanırdız vükəlası?
Xudsər eləyirdiz də vəkalət, uçitellər?!

Bir millətə kim, siz olasız hadiyü hami,
Batsın yerə, ya rəb, belə millət, uçitellər!

Sidqi bu ki, bu barədə rəyimdir əlavə -
Sizlə edə bilməm də şərakət, uçitellər!

Fikrim budur ancaq olam, öz keyfimə məşğul
Bir guşeyi-gülzardə xəlvət, uçitellər!

“Mey şişədə, cam əldə, ağır nəşə başımda”...
Bu şerin edəm virdini adət, uçitellər!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 61 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367078