Vəqta ki, qopur bir evdə matəm, Təşkil edilir büsati-ehsan, Məlumlər eyləşir müəmməm, Təfrih ilə əllərində qəlyan, Ev sahibinin xəyalı bərhəm, Əfkarı qonaqların fisincan, Bişdikcə qazan-qazan mütəncəm, Gəldikcə tabaq-tabaq badımcan – Yad et məni, yağlı-yağlı yad et! Vəqta ki, əsas olur mürəttəb Məcmuəyi-nazü nemət ilə, Sərsüfrədə səf çəkir müəddəb Eyzən nücəba mətanət ilə, Dərvazədə əhli-fəqr: “Ya rəb! Ya rəb!...” çağırır zəlalət ilə; Sərsüfrədə dadlı-dadlı şərbət, İçdikcə qonaqlar əldə fincan. Dərvazədə həsrətü nədamət. Olduqca nəsibi-mütəməndan – Yad et məni, qəmli-qəmli yad et! Vəqta gətirir bir əhli-sərvət Minheysi-zəkat bir qədər pul; Seyfül-üləma edib icabət, Övrədə olur və leyk məşğul; Yəni ki, müqəddəsəm həqiqət (?) Mən fazili-əsr, xəlq məfzul. Məbləğ tökülüb hüzurə lay-lay, Olduqda həvaleyi-cibişdan, Həqqul-füqərayə şeyx: “Oxqay, Bellətü” deyib udanda pünhan Yad et məni, gizli-gizli yad et!.. |