Yox, yazmaram! PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Molla dayı, çox bərk daşır qazanın!..
Başçısısan hər yolundan azanın!
Baharından görünməyir xəzanın,
Çünki hər yerdən var neçə yazanın;
Burdan da mən xəbər yazım, yazmayım?
Yox, yazmaram! Amma hələ qoy yazım...
Qismət olsa, bundan belə yazmaram,
Toxunmasa sözüm elə, yazmaram!

Yazdığıma yalan-palan qatmaram,
“İşan” kimi rüşvət pula yatmaram,
imanımı Hac Kazıma satmaram,
boşsan deyib, Fəxrini aldatmaram,
məsləhətsə əgər yazım, yazmayım?
Yox, yazmaram! Amma hələ qoy yazım...
Fürsət olsa, bundan belə yazmaram,
Girə bilsəm daşqın selə, yazmaram!

Kəbin kəssəm doşab kimi axmaram,
Göz altından Fəxri tərəf baxmaram,
“Ənkəhtünü” “təlləqtüyə” çaxmaram,
Hac Bədəli yandırıban yaxmaram,
Dalda gedib söyər; yazım, yazmayım?
Yox, yazmaram! Amma hələ qoy yazım...
Möhlət olsa, bundan belə yazmaram,
Elə yazsam, bilə-bilə yazmaram!

Dövlətliyə yaltaqlanmaq bilmərəm,
Qəmli ikən yalan yerə gülmərəm,
Pristavın çəkməsini silmərəm,
Hörmətimi gözlərəm, əksilmərəm,
Mollalığa dəyər, yazım, yazmayım?
Yox, yazmaram! Amma hələ qoy yazım...
Qismət olsa, bundan belə yazmaram,
Əgər poçta yazsam, telə yazmaram!

Qumarbazın hədiyyəsin almaram,
Bir şübhəli pul kisəmə salmaram,
Üzə salıb gücnən qonaq qalmaram,
Qonaq qalsam cibin-zadın çalmaram,
Üzmim əldən gedər, yazım, yazmayım?
Yox, yazmaram! Amma hələ qoy yazım...
Növbət olsa, bundan belə yazmaram,
Davam etsə duman, yelə yazmaram!

Eylədiyim vəzə inannam özüm,
Eldən qabaq, eybimi qannam özüm,
Qövlümə felimlə dayannam özüm,
Pis hərəkət etsəm utannam özüm,
Halım olar bətər, yazım, yazmayım?
Yox, yazmaram! Amma hələ qoy yazım...
Hacət olsa, bundan belə yazmaram!

Dalda qeybət, üzdə səna etmərəm,
Gizli söyüş, zahir dua etmərəm,
Xəlqi görcək riya-miya etmərəm,
Riya etmiş olsam, həya etmərəm
Allahımdan məgər! Yazım, yazmayım?
Yox, yazmaram! Amma hələ qoy yazım...
Halət olsa, bundan belə yazmaram!
Uysam məkrə, düşsəm felə, yazmaram!
Qovlansam da evdən çölə, yazmaram!
Uyub sənə öz yolumdan azmaram!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 33 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365743