1910: Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,
Cənnətə uyqu ipiylə bir kəmənd atmaq dilər.

Etiqadınca yatar-yatmaz qucar qılmanları,
Ol səbəbdəndir nəmaz üstündə də yatmaq dilər.

Əbləhin fikrincə çənnət bir Buxara şəhridir,
Beççə tək qılmanları bulduqca oynatmaq dilər.

Məqsədi sövmü səlatindən bu imişkən, yazıq
Həm xudanı, həm də məxluqatı aldatmaq dilər.

Uyquda axtardığın zahirdə, ya rəb, tapmasın!
Yoxsa illik taətin biryolluğa satmaq dilər!

Rindü risva gördüyün zahid görərsə, şübhəsiz,
Səbhəsin, səccadəsin zöhdilə fırlatmaq dilər.

Küfrün iksir olduğun zahid, amandır, bilməsin,
Yoxsa bir zərrə bulub imanına qatmaq dilər!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 31 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5368232