| Kəndçi Denilir “elm oxuyun” sözləri hər anda bizə, Bunu təsdiq ediyor ayeyi-quran da bizə! Axund Hansı qurandır o ki, onda yazılmış bu xəbər? Şiə mollası yazan türkicə quransa əgər, Mən onun yazdığı qurana yavıq durmayıram, Maşa ilə yapışıb, əl də belə vurmayıram. Kəndçi Xub, buyur sünin yazan bir neçə təfsiri oxu, Elmin icabı üçün ondakı təqdiri oxu! Axund Oh, apar bir yana at sünin yazan təfsiri! Başına dəysin onun tərcüməsi, təhriri! Bizlərə molla filankəs yazan asar gərək! Biz olaq ondakı məzmunə xəbərdar görək Kəndçi O yazıb: yer öküzün buynuzu üstündə durur, Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?! Axund Buna şübhən də var? Kəndçi Əlbəttə, inanmam bu sözə! Axund Lənətullah, a gavur, şəkk ediyorsan öküzə?! |