İranlı deyir ki, ədl ilə dad olsun; Osmanlı deyir ki, millət azad olsun; Zahid nə deyir? – Deyir ki, qarnım dolsun, Iranlı da, osmanlı da bərbad olsun! Tacir arayır ki, bir ticarət yapsın, Amil çalışar bu yolda xidmət yapsın, İş mollalarındadır ki, çalsın-çapsın, Yatsın, dursun, qüsli-cənabət yapsın. Jurnal, qəzetə çıxır ki, millət oxusun, Hər bir əsərindən alsın ibrət, oxusun; Rusca oxumuşlara bu iş ar gəlir, Derlər, bunu qoy qara cəmaət oxusun. Zənn etmə ki, zikrə, səcdəyə dalmaq üçün, Zahid yüyürür məscidə əcr almaq üçün, Dün çaldığı səccadəyi satmış da yemiş, İndi yüyürür əlavəsin çalmaq üçün. |