Düşdü bütün qəzetlər hörmətdən, ay can! Ay can!.. Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can!.. Qıl yaymayırdı əsla zalımların gözündən, Rüsvay idik cahanda məlunların sözündən, Ax, ax! Nə yaxşı oldu iş düşdü öz-özündən, Əlləşməmiş qutardıq zəhmətdən, ay can! Ay can!.. Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can!.. Badi-səba, apar ver Molla Qəvama* müjdə, Yazsın, de, Lənkəranda Molla Səlamə müjdə, Söylə, o da yetirsin cümlə əvama müjdə: Minbərdə rəqsə gəlsin behcətdən, ay can! Ay can!.. Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can!.. Ərz et bəşaşət ilə Qafqaydakı* vücudə: Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə, Hər nə bilirsən eylə qeybətdə, rubərudə, Yazmaz dəxi yazanlar bidətdən, ay can! Ay can!.. Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can!.. Get Qubbəyə, səlam et Molla Hacı Babayə, Söylə tutuldu cümlə jurnal, qəzet vəbayə, Mömin müridlər ilə dur qoş səda-sədayə, Ümmətlərin yığılsın hər kətdən, ay can! Ay can!.. Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can!.. Yatdı yazı yazanlar, fürsət dəxi sizindir, Qarşıda var orucluq, söhbət dəxi sizindir, Məsciddə minbər üzrə lənət dəxi sizindir, Ayrılmayın ölüncə lənətdən, ay can! Ay can!.. Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can!.. |