Avropada Məmdəlinin eşqbazlığı PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 

Məmdəli

Rəhm et mənə, can madmazel!
Könlüm olub qan, madmazel!
Birbaş Ədesdən gəlmişəm
Ardınca, canan madmazel!
Gör hali-biaramımı,
Dil bisükundur, gəl mənə!
Eşqim füzundur, gəl mənə! 

 

Madmazel

Rədd ol, a zalim Məmdəli!
Şahi-məzalim Məmdəli!
Artıq həyasız görməyə
Yoxdur məcalim, Məmdəli!
Get, get ki, zülmündən vətən
Dəryayi-xundur, gəlmənəm!
Boynun yoğundur, gəlmənəm! 

 

Məmdəli

Mən öz yerimdə şah idim,
Şahi-fələkxərgah idim,
Şənim, cəlalım var idi,
Axır nə zillüllah idim;
İranda çox yerdə yenə
Şənim məsundur, gəl mənə!
Eşqim füzundur, gəl mənə! 

 

Madmazel

Sən bir dəni mərdudsən,
Hər şəndən mətrudsən,
Bir müstəbid Şəddadsən,*
Bir müstəqil Nəmrudsən,*
Min dəfə onlardan dəxi
Zülmün füzundur, gəlmənəm!
Boynun yoğundur, gəlmənəm! 

 

Məmdəli

Zənn etmə, İran sərbəsər
Olmuş mənimlə kinəvər;
Əlyövm İranda yenə
Var nökərim min-min nəfər;
Onlar bütün gürgi-əcəl,
Millət qoyundur, gəl mənə!
Eşqim füzundur, gəl mənə! 

 

Madmazel

Doğru bu, lakin əhli-kar
Az olsa da İranda var;
Məncə, bu xain niyyətin
Etməz isabət zinhar;
Çünki sənin halın cünun,
Şəxsin zəbundur, gəlmənəm!
Bəxtin nigundur, gəlmənəm!
Fikrin də dundur, gəlmənəm!
Karın oyundur, gəlmənəm!
Söz müxtəsər, bir dəfə qan:
Boynun yoğundur, gəlmənəm!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 12 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299519