Heyvərə,* ey müdiri-əhli-füsun, Bir yuxu görmüşəm, de, xeyr olsun! Görürəm mən dünən gecə yuxuda Yenə də sakin olmuşam Bakuda. Bakudə, leyk lap uzaqlarda, Gəzirəm bir para soqaqlarda; O soqaqlar ki, ruzi-fitrətdən Ari idi bütün nəzafətdən; İndi, səd mərhəba, səfalənmiş, Nuri-fanus ilə ziyalənmiş; Yox ikkən sabiqən gediş-gəlişi, İndi bir başqa rəng alıbdır işi; Qapılardan çıxış, giriş vardır, Bunda, əlbəttə ki, bir iş vardır... Görürəm bunda bəzi əyanı, Həpsinin var nəcabəti, şanı; Qapını birbəbir döyür, danışır, Bəzisilə hələ təzə tanışır. Söz alır, pul verir, rica ediyor, Ayrıla-ayrıla dua ediyor; Bəzinə iştəhayi-mədə verir, Bəzinə başqa-başqa vədə verir... İstədim anlayam – nə işdir bu, Nə alışdır bu, nə verişdir bu? Məni xıs basdı fərti-heyrətdən, Heyf, oyandım o xabi-rahətdən! İndi, ey heyvərə, varınsa hünər, Söylə təbirini bilərsən əgər?! O soqaqlar, o şəxslər, yahu, Kimdir aya, nədir, nə işdir bu? Nizədar. Təbir Nizədara,* edib yuxun təsir, Guş ver, mən edim onu təbir: Gördüyündür Bakı qlasnıları Ki, təmizlətdilər kuçə-bazarı; Gecələr gəşt edib yığırlar “səs”, Arifə bir işarə olmuş bəs!.. |