|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Satiralar.
|
Müxbirüssəltənəyə şəkk edəcəksənmi yenə?! “Diplamatlıqda” bu il çaldığı kusilə belə! Bax necə bir yekə Təbrizi məhərrəmlikdə Aldı üç min tümənə cümlə nüfusilə belə! Hankı məbləğlə bu sövdayı bitirdi, əcəba? Füqərayi-vətənin odlu fülusilə belə! Sən hələ əncümən əzasını vəsf eylə, yazıq, Əncümən çoxdan ayaqlandı rüusilə belə... Görməyirsənmi ki, azad edilir fitnəçilər, Tutulur əmnü əman əhli xüsusilə belə. Nə ki, İranda törənməkdə idi Məmdəlinin Səltənət təxtinə öz nəhs xülusilə belə; İndi Təbrizdə də nəşət edən onlardı, Bu hərifin də o əfkari-nühusilə belə. Məncə, təqdirə səzadır, kişi şeytandan alıb, Kamil öyrəndiyi elmilə, dürusilə belə. Xainin boynuna həp vizri, vəbalı vətənin – Müslimi, gəbri, nəsarası, mücusilə belə. |
|