|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.
|
Bir tağım gənc yol kənarından Keçərək bir bağın civarından, Gördülər yüz yaşında bir bağban Işləyir bağda səy ilə hər an; Titrəyə-titrəyə əli, bir də Alma çərdəkləri əgər yerdə. Gülərək etdilər sual: “A qoca, Yüz yaşında nədir bu hal, a qoca?” Dedi: “Yer şumlayıb cəfa çəkərəm, Torpağa alma çərdəyi əkərəm”. Dedilər: “Bunda bir səlahın yox, Sən bu gün var isən, səbahın yox. İndi əkdiklərin nə vəqt çıxar? Bu çıxınca səni zəmanə yıxar... Rahət ol, çəkmə boş yerə zəhmət, Olamaz meyvəsi sənə qismət!” Dedi: “Əkmişlər, almışız, yemişiz, Xeyrlə yad edib dua demişiz; Əkəriz biz daha yeyənlər üçün, Əhli-xeyrə dua deyənlər üçün”. |
|