Qarınca PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.

 Gördülər bir qarınca bir mələxi
Daşıyır qarşısında sür’ət ilə;

Dedilər: “Murə bax ki, bunca yükü
Qaldırar bir zəif qüvvət ilə”.

Dedi: “Sus, qüvvəti-bədənlə deyil,
Çəkərəm qüvvəti-həmiyyət ilə”.

Ey oğul, murdən götür ibrət,
Get ağır işdə işlə qeyrət ilə!

Ufacıq işləri hünər sanma,
Böylə işlər keçər sühulət ilə.

Hünər oldur ki, bir böyük əməli
Edəsən həll min süubət ilə.

Kişilər himməti dağı qoparır,
Kişi ol, dağ qopar həmiyyət ilə!

Xassə, icrayi-əmri-millətdə
Pişkam ol kəmali-cürət ilə!

Vətən uğrunda, millət eşqində
Bəzli-can et xülusi-niyyət ilə!

İş apar, baş gedərsə qoy getsin...
Ad qalır, bəs deyilmi, millət ilə?!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 16 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299648