Dəvə və balası PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Azim olmuşdu karivani-ərəb,
Bir şütürbeççə1 çəkdi rəncü təəb.
Çün yoruldu o nazənin-rəftar,
Öz anasına eylədi izhar,
Dedi: - Ey madəri-qəviəndam,
Bir zaman yatgilən, tutaq aram.
Bu nə seyri, bu nə səyahətdir,
Nə məşəqqət, bu nə mərarətdir?
Gəlmisən dağlar üstə covlanə,
Düşmüsən Qeys tək biyabanə.
Dedi: - Ey tifli-şirxarə, məgər
İxtiyarımladır mənim bu səfər?
Olsa idim bir ixtiyar içrə,
Çəkməz idim yükü qatar içrə.
Sarbanın əlində oldu məhar.2
Hər tərəf çəksə, eylərəm rəftar.
Gərçi məndən tapır bu fel südur,
Mənəm aləmdə faimi-məcbur.
Gedirəm, əldə bir maharım3 yox,
Öz əlimdə bir ixtiyarım yox.
Kəştini sanma naxuda aparır,
Hər tərəf istəsə, xuda aparır.
Seyyida, həqdi faili-mütləq,
Etmə ləq-ləq kimi əbəs ləq-ləq.
Kimsə olmaz sənə cahanda dayaq,
Həqq – təaladü qasimi-rəzzaq,
Gəlməmiş sən cahanə ey mədum,
Ruziyi-qismətin olub məqsum.4
Çəkmə ruzidən ötrü zərreyi-qəm,
Çatacaqdır sənə nə bişü nə kəm.
Leyk təhsilə5 eylə sən tədbir,
Şayəd olsun müvafiqi-tədbir.

 


1Şütürbeççə - dəvə balası.
2Məhar – cilov.
3Mahar – ixtiyar.
4Məqsum – təqsim olunmuş, bölünmüş.
5Təhsil – hasil etmə, əldə etmə. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 34 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219764