Yuxu PDF Çap et Dosta göndər
Nəsr - Yusif Vəzir Çəmənzəminli. Hekayələr.
  Get yat, bədbəxt fəqir! Sənin dərdin məni lap çərlədib! – deyə ana, qızı Fatmanın arxasınca zənn ilə baxıb başını mütəkkəyə söykədi: – Get yat, aşıb daşmış fəqir! Hamı ərə gedib ev-eşik sahibi oldu; bircə sənin bəxtin bağlandı. Döşün-başın çıxıb, ata dönmüsən!.. Niyə də çıxmasın, azacıq yaşın yoxdur ki, bu orucluq da gəlsə on doqquza girirsən... Xudaya xudavənda, şükür!..
  Fatma yatacaqda uzanıb anasının sözlərinə qulaq verdikcə, ah çəkib yastığı islatdı. Öz-özünə deyirdi: «Şükür allaha, hayana çıxıram, deyirlər – sən kimdən pissən ki, dindirib, danışdıranın yoxdur? – Ay allah, məni yaradınca bir qara daş yarada idin!.. »
  Fatma öz-özünə çox deyindi, ağladı. Axırda yoruldu. Gündüzün yorğunluğu da bir tərəfdən kədərlərinə qələbə çaldı: gözləri yavaş-yavaş yumulmağa başladı.
Bahar idi. Fatma ala-qaranlıqdan durub, yun daramadan əvvəl həyətə getdi. Bədmüşk açmışdı, gözəl qoxuyurdu. Fatma budağın birini əyib qoxuladı. Sonra günəşin ilk şöləsindən parlayan üst budaqlara tamaşa etməyə başladı. Bu əsnada çəpərin arxasından bir səs gəldi.
  - Ay qız, ay yaxşı bala, bircə bura bax!
  Fatma dönüb, məşşatə Anaxanımı yolda gördü. Anaxanım gülə-gülə Fatmanı çəpərə çağırdı:
  - Qızım, mənim kimi xanan yoxdur ki, niyə belə tezdən durmusan.
  - Biz də xana qayırırıq. Bu həftə quracağıq. Anam yatıb, dedim, durum bir az yun darayım.
  - Qızım, maşallah, yetişmisən, anan səni niyə ərə vermir? Saxlayıb nə edəcək?
  Fatma qızarıb başını aşağı saldı.
  Məşşatə bir az da çəpərə yanaşdı:
  - Bacı, – dedi, – adamın ağlı başında olmalıdır. Bilirsən, ana özü üçün, qardaş da yad bəxtidir. Ortalıqda qalan həmişə qız uşağı olur. Ata adama həmişə çörək verməz, özünə gün ağlamalısan.
  Fatma qızarmış üzünü qovzayıb, məşşatəyə zənn ilə baxdı və yavaş səslə dedi:
  - Xala, mən nə qayıra bilərəm... Onlar gün ağlamalıdır...
  Son sözləri Fatma ürək çırpıntısı ilə söylədi.
  - Bacı, görürsən onlar gün ağlamırlar. Gəl mən səni padşah balası kimi bir oğlana ərə verim, get vaxt ikən ev-eşik sahibi ol. Qalmaqdan nə fayda?
  Fatma məşşatənin üzünə bir də baxıb, fikrə getdi...

***

  Axşam çağı idi. Fatma anasından gizli yuyunub geyinmişdi. Məşşatə qısıla-qısıla çəpərin altına gəldi və bir-iki dəfə bərkdən öskürüb keçdi. Fatmanın ürəyi döyündü. Bu iş ona tühaf görünürdü. İçində bir tərəddüd hüsula gəldi, istədi yüyürüb anasına bütün sirri açsın, digər tərəfdən cazibəli bir qüvvə onu qapıya doğru sürükləyirdi.
  Bir dəqiqə çəkmədi Fatma evdən çıxıb, məşşatəyə qoşulub getdi.
  Fatmanın atası qızının qoşulub qaçdığını eşitcək, pristavı götürüb, qız aparılan evin qapısını kəsdi. Fatmanı qapı-qonşudan yığma qızıllarla bəzəmişdilər: araqçının qabağında qızıl pilək, boynunda mərcan, inci, qızıllı şəvə, döşündə gərdənbənd, yaxalıq; kürdüsində düymələri və ətəyində qırx əşrəfisi var idi. Fatma bunları özününkü zənn edirdi. Öz-özünə düşünürdü: «Bir qız bir oğlanındır», – deyirdi: «Qismətdən artıq yemək olmaz». Mənim də qismətim pis çıxmadı: evi, qızılı, dövləti, özü subay bir oğlandır. «Kor nə istər iki göz, biri əyri, biri düz». Odur ki, pristav gəlməsin, ondan böyüyü gəlsin, Fatmanı zor ilə gətirməmişdilər, özü gəlmişdi.
  Fatma atasına da bu cavabı verib geri qaytardı.
  Kəbin kəsilib toy oldu... Fatmanı bir uçuq daxmaya gəlin gətirdilər. Heyhat, kişinin burada bir ayrı arvadı da var imiş. Elə ilk gecədən evdə dava-şava başlandı. Yengələr hərdənbir sevinə-sevinə zifaf otağına yüyürür, bir də üzlərini turşudub geri qayıdırdılar: «Biz elə bildik görəsən nə olub, demə hələ dava eləyirlər», – deyirdilər.
  Xülasə «duvaqqapma» gününədək gəlinin üç dişini saldılar.
  Ay ötdü, il dolandı. Fatmanın cəmi qızılları çəkilib sahiblərinə getdi. Ona qalan bircə günü, bir də boş damlar oldu. Kişi bazara gedəndə günülərin əlinə fürsət düşürdü: bir-birinin cıbırığını çəkirdilər. Kişi axşam evə qayıdanda arvadları üzləri cırılmış, başları yolunmuş görürdü.
  Bir gün «fələk Fatmaya kəm baxdı», biçarə azarladı. Altı ay davam edən xəstəlik Fatmanın üzünü soldurdu. Bütün gənclik təravətini qaib etdirdi. O gündən etibarən gününün dili uzandı: «Bicins idi, tez xarab oldu», – deyə hər an, hər dəqiqə ərinə andırdı:
  - Görürsən, mən şirin nar köküyəm, döyürsən də, söyürsən də, yenə günü-gündən kökəlib, necə yaxşılaşıram.
  Kişi baxdı gördü doğrudan da əvvəlki arvad günü-gündən yaxşılaşır: ağ-cağ olur. Məhəbbəti tamamilə ona keçdi. Fatma bilmərrə nəzərdən düşdü: hər gün iki tərəfli döyülüb söyüldü. Belə bir həyatın davamı qabil olmayacağını Fatma gözəlcə bilirdi. Evdə qulluq-çuluqdan başqa bir vəzifəsi olmayan, ən adi hörmətdən məhrum olan Fatma çıxacaq yolu aramağa başladı. Atası evinə qaçmağa cürət etmirdi: atası onu çoxdan qızlıqdan çıxarmışdı.
  Fatma babasının yanına qaçdı; babası onu görər-görməz ağzına gələni söylədi:
  - Sənin namusun olsa mənim qapıma gəlməzsən, itil gözümün qabağından, çəngi! – deyə qovdu.
  Fatma babasının sözündən incimədi. Qərib bir quş bir budağa sığınan kimi, sığınıb qaldı. Dindirmədilər, turş sima göstərdilər, acı və tənəli sözlər söylədilərsə də, hamısına səbir elədi. Dinməz-söyləməz bir halda ev işlərinə qurşandı.
  Bir gün Fatma hamama paltar yumağa gedərkən, ərinə rast gəldi. Bir dəqiqədə bədəninə qorxu çöküb yerindən tərpənməz oldu. Əri onun qolundan yapışıb dartdı, apardı. Fatma çığırdısa da, səsinə gələn olmadı.
  Evə girər-girməz kişi xəncəri divardan aldı. Sonra bir az düşünüb, yerə atdı. Fatmanı saçlayıb, yerə yıxdı və bihuş olana qədər döydü:
  - Ərini bəyənməyən arvadı belə edərlər, – dedi, – bu sənə dərs olsun!
  Fatma əvvəlkindən daha fəna günlər keçirməyə başladı: günüsü zadəgan xanımları kimi oturub, əmrlər verir, Fatmanı işlədirdi. Səhərdən axşama qədər çalışan Fatma doyunca yeməz, lazımınca geyinməzdi, aylarca hamam görməyib kir içində çürüyürdü. Belə bir həyata davam edir və səbir kasası dolduqda ərinin ayaqlarına yıxılıb, göz yaşları axıdır, yalvarırdı:
  - Mən evdə bir şey yiyəsi deyiləm: döyülürəm, söyülürəm, arvadlığım yox, məni niyə buraxmırsan? Axır yazığam, bu qədər zülm olmaz ki, mən çəkirəm... Allah xatirinə, məni qul hesab elə, başına dolandır, azad elə.
  Fatma yalvardıqca əri hiddətlənirdi, onu yenidən incitməyə başlayırdı.
  Fatmanın faciəsindən anası xəbərdar idi. Tez-tez gəlib xəlvətcə Fatmanı qapıya çağırır, yemək, paltar gətirirdi:
  - Qızım, – deyirdi, – ananın əlindən ah-zardan başqa nə gəlir? Allah dədənə insaf versin! Dədə, dədə olsa, ərin səni incidərmi? Həmişə yiyəsizin başına dünya dar olar!..
  Bir də Fatma özünü qazının qapısında gördü. Gözlərindən yaş süzərək deyirdi:
  - Ay ağa, başına dönüm, məni balalarının başına çevir, kağızımı al! Ağa qulun olaram, qapının iti olaram, məni bu kafirin əlindən qurtar.
  Qazı fikirdə idi. Fatmanın göz yaşlarını görüb halını anlayıdırsa da, şəriətin rəsmi hamisi olduğunu da unutmurdu.
  - Qızım, – dedi, – ər arvadın sahibidir. O izin verməyəndə, məndə nə ixtiyar var. Yenə ərinin yanına dönməkdən başqa bir çarə yoxdur...
  Fatma yenə ərinin yanında idi. Ömrü yenə əvvəlki qaydada keçirdi. Günü yeyir, geyir, gəzir; Fatma da evi idarə etmədə, günüsünün çocuqlarını saxlamaq kimi zəhmətlərə davam etmədə idi. Tay-tuş içinə çıxmaz. Şad gün gördüyü yox, ev adamları ilə deyib danışmazdı, söyüş, qarğış, dannaq mühitində can çəkişdirirdi. Əri onu ayda bir dindirməzdi, günü də belə. Onların hər bir arzularını Fatma özü dərk edərək, vücuda gətirməli idi – bişmiş vaxtında bişməli, ev vaxtında yığışmalı idi – yoxsa Fatmanın sümükləri əzilirdi.
  Fatma bir də gördü əri onun başını yarıb qanı axır. Gecənin yarısı çıl-çılpaq küçələrə düşüb, özünə sığınacaq yer arayır. Hərdən əlini başına sürtüb, al qana bulaşmış bir halda ay işığına tutur, şikayətlənirdi:
  - Ay allahı sevənlər, – deyirdi, mənə bir yazığı gələn yoxmu? Vurun ölüm, bəlkə yaman kişidən qurtarım.
  Gecənin tənhalığında Fatmanın səsinə səs verən yox idi. Qan yalnız alnında deyil, sanki sınıq qəlbindən də için-için axırdı, bütün varlığını qərq etmədə idi. Ruhi övzanın tərcümanı olan göz yaşları qana qarışaraq yanağı aşağı tökülürdü...
  Fatma bir də gördü əri xəncər əlində yüyürür, biçarənin nəfəsi kəsildi, taqətsiz bir halda divara söykənib qaldı...
  Bir axşam Fatma, evlərinə təpilmişdi, atasının ayaqlarını qucaqlayıb deyirdi:
  - Dədə... yemişəm. Qələt eləmişəm! Günahımdan keç! Məni öldür, bir də ərə vermə. Qoy öz qapımızda ölüm. Bax sümüyüm yanıb, on ildir, cəhənnəm əzabı çəkirəm!..
  Kişi qəbul etmirdi.
  - Get, – deyirdi, – mənə it-qurda qoşulan namussuz qız lazım deyil!
  Fatma ağlayır, anası da bir tərəfdət yaş töküb, qəşş eləyir...
  Fatma bir də görür yenə əri evindədir. Yenə eyni həyat, döyüş, söyüş, göz yaşı, qüssə... Yenə əri vurub dişlərini salır, başını yarır.
  Fatma qocaldığını duyur, başı ağarıb, üzü qırışıb... «vay cavanlıq», deyə qışqırır...
  Fatma qışqırıb dəli kimi yataqdan qalxdı. Dan yeri sökülürdü. Ətrafında yatmış ata-anası xoruldayırdılar. Fatma gördüyü yuxunun təsirindən hələ yenə də titrəmədə idi.

1911
 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 23 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219738