|
Toy vurulurdu. Zurnaçılar ovurdlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dınqıldadıb, yanıqlı səs ilə oxuyurdu. «Mən bu dərədən ötmərəm, Çadramı yellətmərəm, Ağsaqqala getmərəm, Hoqqabaz oğlan gərək, Kəkili saz oğlan gərək...» - Sağ olsun aşıq! – deyə «padşah»1 çığırdı. - Sağ olsun aşıq! – Fərraş təkrar edirdi. - Sağ olsun aşıq! – Hamı söyləyib ağız-ağıza verirdilər. - «Padşah» birdən yerindən qalxdı: - Fərraş! - Bəli, sənə qurban, «padşah», – deyə fərraş baş endirdi. - Çək oradan qaradovoy İmamqulunu! - Bu saat, «padşah». - Aşıqlar da bir uzundərə çalsınlar! Sağ olsun aşıqlar – zurnalar düzəlmişdi, dəf vurulurdu. Sağ olsun İmamqulu! Süzməkdə üstü yox idi. Ayaqları palazın üstə ehmal atılıb, düşmədə idi; bədəni belə tərpənirdi ki, elə bil heç sümüyü yox idi. Budur zurna yavaşıdı, İmamqulu gözlərini alaçığın bacasına dikib, yerində «bitdi». Məclis kiriyib səs-səmir kəsildi. - Yat, yat, İmamqulu! – Birdən «padşah» çığırdı. – Yat, yat! İmamqulu çoxdan yatmışdı: yerində tərpənməz durub, bircə sağ ayağının ucunu yavaş-yavaş palaza döyürdü, çəpiklər çırtığa enmişdi: bunun da səsi eşidilmirdi. Neçə dəqiqə idi sakitlik bərpa idi. - Çəpik vurun! Çəpik!.. Fərraş! Haradasan? Şapbarla, çəpik vursunlar! Fərraş sağa, sola çubuqdan döşüyürdü. Yenə səs, küy, çəpik dam ilə bir oldu. İmamqulu da əvvəlki yerindən sıçrayıb süzə-süzə məclisin o başına getdi. Bir də süzüb bəri gəldi. Süzüb yuxarı getdi. Oyunu yavaşıdıb, bir də «padşah»ın qabağında «bitdi». - Sağ olsun İmamqulu! - Sağ ol aşıq!.. - Sinninə layiq deyilsə də, kişi qızın xatirəsi üçün yaxşı toy elətdirir, – deyə məclisdəkilərin biri o birinə pıçıldadı. O biri: - Qız da yad deyil ki, öz baldızıdır. Elə bu həyətdə də olur. - Baldız olanda nə olar; kişi çox vəfalı kişidir. Görmürsən arvadı öləndən sonra on il evlənmədi. Qayınatası demişdi ki, balaca qızım böyüsün sənə verəcəyəm. O da gözlədi. Qız indi on dörd yaşına yetişib, toy olur. - Doğrudan vəfalı kişidir: yetimlərin zəhmətini çəkə-çəkə saqqalı tamam ağardıb... - Fərraş, o kimdir orada söhbət eləyir? - «Padşah» sağ olsun, çayçı Məşədi Həsəndir. - Çək Məşədi Həsəni bura. Gərək Məşədi Həsən məclisdə danışdığı üstə falaqqaya salınsın. Bir dəqiqədə falaqqa gəldi. Fərraşlar Məşədi Həsəni yıxıb ayağına on çubuq vurdular. - Usta, aşıq! - Bəli, «padşah» sağ olsun! - İndi bir «kəsmə» hava çalın Məşədi Həsən oynasın! Zurna düzəldi. Dəf vuruldu, çəpik qalxdı. Məşədi Həsən çuxasının qolları əlində, oynamağa başladı. *** Toy vurulurdu. Arvadlar otaqda çəpik çalıb, süzürdülər. Gəlinlər, qızlar ağır-ağır enib, qalxırdılar. Yüzlüklər şabaş verilirdi: - On tümən barat verdim, yenə özündənbəyin, yenə Kəblə Əbülqasımın! Ay şabaş, toy maşallah! Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər, növbət gəlinə gəldi: - Ay uşaq, qaçın gəlin gəlsin. Gəlin gəldi. Yanaqları alma kimi qızarmış. Sürməli gözlərini yerə dikib, utandığından kimsəyə baxa bilmirdi. Gəlin oyuna girdi. Gözəl gəlin, nazlı gəlin! Gəlin nə narın süzürdü. Nə dadlı səkirdi. Gah qızılları səslənir, gah düymələri şıqqıldaşır... Səkdi gəlin, süzdü gəlin, bir də məclisin ortasında duruxub əllərilə üzünü qapadı: gəlin hönkürürdü. Gəlin niyə ağlayır? Gəlinə nə dedilər? Bilən yoxdur. Kimsə gəlinin dərdindən agah ola bilmir. Gəlin ağlayır; gözlərinin yaşı od kimi tökülüb, qırmızı yanaqlarını dağlayır. Bir dəqiqədə arvad-uşaq gəlinin başına toplandılar. Qız gəlinlər gəldilər. Bəs gəlin niyə ağlayır? Gəlin qoca kişiyə ərə getmək istəmir, yetim saxlamaq istəmir. «Mən o kişidən qorxuram; bacımı çərlədən kimi məni də öldürəcək» – deyib, gəlin zar-zar ağlayır. Gəlinin sözləri anasını da kövrəltdi: bu da gözlərini doldurub, hönkürdü. Qız-gəlinlər də doluxsunub, ağlaşdılar. Gəlin ağladı, anası ağladı. Bunlar da kiriyəndə qızlar ağladı, qonaqlar ağladı, çox göz yaşı töküldü, çox ürəklər yandı.
***
Toy vurulurdu. Zurnaçılar ovurdlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dınqıldadıb, yanıqlı səs ilə oxuyurdu: «Mən bu dərədən ötmərəm, Çadramı yellətmərəm, Ağsaqqala getmərəm, Hoqqabaz oğlan gərək, Kəkili saz oğlan gərək...» 1910
1«Padşah» – toy ağası. Bəzi yerlərdə «xan» deyirlər.
|