| *** Qara öküz aranda Çıxar gün qızaranda. Xodaq murada çatar Torpaqdan bir alanda. *** Qaşqa gəlim boz, ala Tarlaya saldım yola. Tay öküzlə iş aşmaz, Öküz gərək cüt ola. *** Dağ döşündə yatana, Gün gedər ay batana. Qara öküz qarğıyar Cütün macın tutana. *** Gün düşdü qar üstünə Bağçada bar üstünə. Tənbəl yatan öküzün Quşlar qonar üstünə. *** Qara kəl gedər işə Qorxum var bağrı bişə. Nola bir bulud gələ Yağış yağa, nəm düşə. *** İrandakı boz öküz Qoparıbdı toz öküz. Alıb yerin canını Çıxsın yalan göz, öküz. *** Öküz, öküz, xan öküz. Boynu qızıl qan öküz. Çək çayırı çəməndən Sənə can qurban öküz. *** Öküzlər qoşa getdi Güc vurdu daşa getdi, Cütün macı*qırıldı, Zəhmətim boşa getdi. *** Qızıl öküzüm yeri, Qoyma şum qala geri. İti tərpən, maralım, Düşmənlər baxır bəri. *** Gözlə xoruz banını, Kəllər işdə sanını. Cütə getməyən öküz Yerişindən tanını. *** Öküz qıyar canını, Bilməz qamçı sayını. Qayış çəkən qaşqa kəl İş üstündə tanını. *** Qara kəl, ilim barı, De dərdin bilim barı, Məni mağmın eyləmə Açılsın dilim barı. *** Kotanın xodaqları, Partlayıb dodaqları. Qarğayın kotan sınsın Dincəlsin xodaqları. *** Boynunu mən yağlaram, Yaman gözü dağlaram, Tez çək, maral öküzüm, Geri qalsan ağlaram. *** Öküzüm birdi mənim, Taleyim kürdü mənim. İki oldu öküzüm Qaraçuxam durdu mənim. *** Başına mən dolanım, Mən dönüm, mən dolanım. Ölmə, olmə yazığam Kölgəndə mən dolanım. *** Öküz qayıtdı qaşdan, Ay allah, saxla daşdan, Bədnəzər qabaqdadı Yolunu sal bu başdan. *** Dağların enişi var, Diki var, enişi var. Cütə gedən öküzün Özünün yerişi var. *** Axşamlar, ay axşamlar, Axşamlar yanar şamlar, Hərə evinə gedər Xodaq harda axşamlar. *** Qara kəl asta gedər, Dolanar, dosta gedər, Ay qaranlıq gecədə Hastabahasta gedər. *** Öküzlərim naz eylər, Quyruq bular, toz eylər. Hər axşam gün batanda Kövşəndə pərvaz eylər. *** İşlək malı öyəllər, Tənbəlini söyəllər. Öküz cütə getməsə, Qaşqasına döyəllər. *** Qara kəlim san gedir, Öküzlərdən yan gedir. Gecə-gündüz işləyir Dırnağından qan gedir. *** Qara kotan ağırdır, Öküzlərim yağırdır. Qarmax tellim çəkməyir Xınalım da sağırdır. *** Qurd sürüdən pay salır, Çoban dağa hay salır, Öküz ax-vay deməkdən, Boyunduruq vay salır. *** Çəkən öküz mərd olur, Çəkməyənə dərd olur. Tənbəl öküz yiyəsi Xəcil olur pərt olur. *** Hola dedim düşdü qac, Göydə oynadı qırmanc. Öküzlər ota getdi Qara kəlim qaldı ac. *Xışın açdığı şırım. |