Əkinçi: Sarı öküz, səndən budu diləyim, Bir günlüyü tamam gərək əkəsən, İstəmirəm axşamadək çəkəsən, El töhmətin üstümüzə tökəsən. Öküz: Sən havaxtda mənim gördüm işimi, Qoymayırsan dinc saxlayım başımı. Qoyundan, keçidən ver yoldaşımı, Gör mən onlar ilə necə çəkərəm. Əkinçi: Yaxşı olsan yiyən səni satmazdı, Yarımçıq zəmidə işi yatmazdı. Həftədə üç günü mala qatmazdı, Hər il yarım gəviz toxum əkəsən. Öküz: Öküzün yiyəsi olmasın naşı, Payızda işlədib saxlasın qışı, Belimə minməsə arvadla kişi, Boyunduruq altda quş tək səkərəm. Əkinçi: Gücə düşüb axır durarsan üzə, Ay balalı, hardan tuş oldun bizə? Nə deyim biqeyrət, tənbəl öküzə Ölüb qurtarasan bizdən bəlkə sən. Öküz: Tənbələm, hər nəyəm, günahımdan keç, Yenə də yaxşını yamanından seç, Payız əkdiyimi gedib yayda biç, İndən belə şuma qan-tər tökərəm. |