Heyvanların bəhsi PDF Çap et Dosta göndər
Nəğmələr - Əmək nəğmələri.

***

Qoyun deyir: Mən heç otdan doymaram,
Payız oldu çörün-çöpün qoymaram.
Hər evi mən yunum ilə bəzərəm,
Allı-güllü xalçalarım var mənim!

 

Keçi deyir: Adım Əbdülkərimdi,
Qavala çəkilən mənim dərimdi.
Üç ay qışı ölməm allahkərimdi,
Şeytan-şeytan balalarım var mənim,
Qəlbi-qəlbi qayalarım var mənim!

 

Camış deyir: Payız olcaq samanlığı doldurun,
Yaz olanda boyunduruğu yondurun,
Cütə getməsəm, vurun məni öldurün.
Dolu-dolu mərəklərim* var mənim,
Buz qatığım, ağ-ağ kərəm var mənim!

 

Öküz deyir: Mən yiyəmə nökərəm,
Üç ay qışı tövləsində bekaram,
Yaz olanda çayır-çəmən sökərəm,
Ağlı-qırmızılı buğda əkərəm.
Dolu-dolu xırmanlarım var mənim,
Uca-uca tayalarım var mənim!

 

İnək deyir: Mən doğanda mələrəm,
Ahım ilə dağı-daşı dələrəm,
Qurudumu gündən-günə sərərəm.
Dadlı-dadlı kərələrim var mənim,
Gözəl-gözəl balalarım var mənim!

 

At deyir: Yel kimi göydə uçaram,
Yollar keçib dağdan-dağa aşaram.
İgidlərlə bir məqamda yaşaram.
Pəhləvanlar kimi yiyəm var mənim,
Saraylara oxşar dəyəm var mənim!

 

Eşşək deyir: Mən hamıdan fağıram,
Palçığa düşəndə dağdan ağıram,
Çöldə qalsam mən yiyəmi çağırram.
Kərənaydan yoğun səsim var mənim,
Atlarınan böyük bəhsim var mənim!

 

Dəvə deyir: Heç heyvan götürməz mənim yükümü,
İgid oğlan gərək çəkə ipimi.
Ərəbistan içər mənim südümü,
Uzaq-uzaq mənzillərim var mənim,
Dizləri bərk nəsillərim var mənim!

 

***

Qoyun deyər: Qarnımı doydur, qara quyla məni,
Keçi deyər: Qarnımı doydur, qora quyla məni.

 


*Samanlıq

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 29 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365683