- X - PDF Çap et Dosta göndər
Atalar sözü və məsəllər

***

Xain adam xoflu olar.

 

***

Xain qorxaq olar.

 

***

Xain dost, dəli düşmən, göz tikər ölən günə.

 

***

Xain xəyanətinin cəzasını mütləq çəkər.

 

***

Xal üzün bəzəyidir.

 

***

Xala evinə dadanan, ər evində dayanmaz.

 

***

Xala, xala, təndiri qala, aşı bişirib nimçəni yala.

 

***

Xala xatirin qalmasın.

 

***

Xalam bildi, aləm bildi.

 

***

Xalamdan bir dilək dilərəm, versə də xalamdır, verməsə də.

 

***

Xalvar sənin evində, talvar sənin evində.
Daş vurarsan toz çıxar, nə var sənin evində?!

 

***

Xalq qız aldı quda qazandı, mən qız aldım qada qazandım.

 

***

Xalq kəsən barmaq qanamaz.

 

***

Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər.

 

***

Xalq necə, biz də elə.

 

***

Xalqa adətdir, bizə bidət?!

 

***

Xalqa it hürəndə, bizə çaqqal ulayar.

 

***

Xalqın ağzına qıfıl vurmaq olmaz.
(Xalqın ağzını bağlamaq olmaz.)

 

***

Xalqın qapısını el döyür, bizim qapımızı - yel.

 

***

Xalqın eybini söyləyən, özü eyibli olar.

 

***

Xalqın sədası - haqqın nidasıdır.

 

***

Xalına bax, xalı toxu.

 

***

Xalını xovuna sığallarlar.

 

***

Xalının tozu tükənər, dəlinin sözü tükənməz.

 

***

Xallı üz göyçək olar.

 

***

Xaltanı aslan boynuna vurmazlar.

 

***

Xalça salan özü oturar.

 

***

Xalçalı gəl, xalçalı get.

 

***

Xam dəmir döyülməz.

 

***

Xam yer axtarır bostan atmağa.

 

***

Xan arıqlayanda rəiyyətin canı çıxar.

 

***

Xan vurur, xırman sovurur.

 

***

Xan qapısında işləyənin ayağını daş aparar.

 

***

Xan qulluğuna gedən, atlı gedər, piyada qayıdar.

 

***

Xan evi - bəla evi.

 

***

Xan eylər xan divanı.

 

***

Xana yaradı, bəyə yaradı, keçəl Qənbərə yaramadı?!

 

***

Xana nökər olanın börkü haça olar.

 

***

Xandan gələn nökərəm, dişlərini tökərəm.

 

***

Xandır - xanənişin!

 

***

Xanəndə məclisin bəzəyidir.

 

***

Xanım qız xalasına oxşar, yaxşı oğlan - dayısına.

 

***

Xanım qırsa - qəza, nökər qırsa - cəza.

 

***

Xanım sındıran qabın səsi çıxmaz.

 

***

Xanım xanım dedilər, var-yoxumu yedilər.

 

***

Xanımlığım yalana çıxdı.

 

***

Xanla plov yemirəm, bığlarım yağa batar.

 

***

Xanın gözü dörd olar.

 

***

Xarabadan tüstü çıxmaz.

 

***

Xarallara sığmayan canım, torba-dağarcığa sıxıldı.

 

***

Xarrat bazarından keçməyib.

 

***

Xacələr məktubu tərsinə oxuyar.

 

***

Xacənin durduğu yerdə gül bitməz.

 

***

Xeyir allahdan - şər şeytandan.

 

***

Xeyir de, xeyir taparsan.

 

***

Xeyir dilə qonşuna, xeyir gəlsin başına.

 

***

Xeyir ver, ta xeyir görəsən.

 

***

Xeyir iş yerdə qalmaz.

 

***

Xeyir işə yaxın ol, şər işdən saqın.

 

***

Xeyir işi yubatmazlar.
(Xeyir işi saxlamazlar.)

 

***

Xeyri yoxdur çaxırın, içmə, açar paxırın.

 

***

Xeyirsöyləməzə dedilər: - Xeyir söylə, gedim gəlim, sənə don tikdirərəm.
Dedi: - Əvvəl tikdir, bəlkə getdin gəlmədin?

 

***

Xeyirsöyləməzdən xeyir olsaydı, adını Xeyrulla qoyardılar.

 

***

Xəbər almaq eyib deyil, öyrənməmək eyibdir.

 

***

Xəbər xeyir gərək.

 

***

Xəbəri uşaqdan öyrən.

 

***

Xəbərçi - yalançı olar, yalançı - xəbərçi.

 

***

Xəbərçi - köpəkoğludur, ona qulaq asan əbləh köpəkoğludur.

 

***

Xəzinə xarabalıqda tapılar.

 

***

Xəznəyə tüpürənin tüpürcəyi öz saqqalına yapışar.

 

***

Xəzri gəldi - gilavar qaç!

 

***

Xəyalsız insan meyvəsiz ağaca bənzər.

 

***

Xəlbircən evi olanın, gözləri qədər dərdi var.

 

***

Xəlvətdə halva yeyənin sirrini allah bilər.

 

***

Xəmir tez gələndə arvad deyər: - Ərim məni çox istəyir!

 

***

Xəmiraşı - bəylər aşı, umac onun yoldaşı.

 

***

Xəmiri yüngüldür.

 

***

Xəmiracı olma!

 

***

Xəmiri bir yerdə yoğurulubdur.

 

***

Xəncər yarası gedər, dil yarası getməz.

 

***

Xəncər yarası sağalar, namus yarası sağalmaz.

 

***

Xəncər çıxdı - qan çıxdı.

 

***

Xəsis acgöz olar.

 

***

Xəsis zalım olar.

 

***

Xəsis ilə comərdin xərci birdir.

 

***

Xəsisdən alınan yumurtanın sarısı olmaz.

 

***

Xəsisdən qışda buz almaq olmaz.

 

***

Xəsisə zəhər versən, pulsuzdur deyə içər.

 

***

Xəsm (düşmən) xəsmə qəzəl oxumaz.

 

***

Xəsmdan saqın, qarınca olsa da.

 

***

Xəsmin sitəmin xəsmə demək, xəsmə sitəmdir.

 

***

Xəstə yatmaq, xəstəyə baxmaqdan yaxşıdır.

 

***

Xəstə tələsər, armud vaxtında dəyər.

 

***

Xəstə həkimdən dərman istəməzlər.

 

***

Xəstəyə döşək, aca çörək lazımdır.

 

***

Xəstəyə naz eləmək həkimə yaraşmaz.

 

***

Xəstəlik atlı gəlir, piyada gedir.

 

***

Xəstənin döşəkdə saxlarlar, uşağı - beşikdə.

 

***

Xəstənin qızıl taxt nəyinə gərək?

 

***

Xəstənin işi qalar, astanın işi qalmaz.

 

***

Xəta insandan baş verər.

 

***

Xəta məndən, əta səndən.

 

***

Xəta xəta üstündən gələndə, bir xətaya nə var?

 

***

Xətakardan xəta əksik olmaz.

 

***

Xəcalət düşmənin olsun.

 

***

Xəşil bişirmək bilmir, aşbazlıq iddiası edir.

 

***

Xiyar pulu ilə alınan eşşəyin ölümü suda olar.

 

***

Xiffəti qeyrətli edər.

 

***

Xıdır çıxdı - qış çıxdı.

 

***

Xınalı əl cibə qoyulmaz.

 

***

Xınanahan gecəsi hamı xınaya boyanar.

 

***

Xırdavatçının andı özünə qənim olar.

 

***

Xırman döymək kişi işidir.

 

***

Xırmana girən porsuq yabanı özünə qəbul edər.

 

***

Xırmanın axırı dərvişindir.

 

***

Xırmanın tozu bərəkətli olar.

 

***

Xırçıya qarpız bağışlamazlar.

 

***

Xış ilə məhsul olmaz, meydan maşın meydanıdır.

 

***

Xış kötüyə dayanıb.

 

***

Xışa gedən öküzüm olsun, işə getməyən oğlum olmasın.

 

***

Xışı salıb yanı üstə.

 

***

Xoruz banlamasa səhər açılmaz?

 

***

Xoruz bir kərə bəzənər.

 

***

Xoruz quyuya baxan kimi baxır.

 

***

Xoruz elə xoruzdur, nə qocası, nə cavanı.

 

***

Xoruz öz küllüyündə banlar.

 

***

Xoruz ölmüş, gözü çöplüydə qalmış.

 

***

Xoruz getdi, dava bitdi.

 

***

Xoruz silkələnsə bir çəngə tük olar.
Dəvə silkələnsə bir ulağa yük olar.

 

***

Xoruz çox olan yerdə səhər tez açılar.

 

***

Xoruza quyruğu yük olmaz.

 

***

Xoruzun altında yumurta axtarır.

 

***

Xoruzun vəzifəsi banlamaqdır.

 

***

Xoruzun quyruğuna inanım, tülkünün andına?

 

***

Xoruzunu veriblər qoltuğuna.

 

***

Xoruzsuz da sabah açılar.

 

***

Xoş günüm qapılarda keçir.

 

***

Xoş günün sorağı uzaqlardan gələr.

 

***

Xoşrəftar ol, xoş gün görərsən.

 

***

Xortdan gəldi, qaç!

 

***

Xortdan gələr səni yeyər (aparar).

 

***

Xörəyin dadı ağızdadır.

 

***

Xörəyi doyunca yemə, gözün dalınca qalsın.

 

***

Xörəyin yaxşısı - hazır olanıdır.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 16 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219722