| *** A hərri, hərri, hərri, Dağda dəyirman yeri, Quşlarda necə quşdu, Ağzı ardınnan geri? (A hərri, hərri, hərri, Dağda dəyirman yeri, Qısqanc adlı bir cücü, Ağzı ardınnan geri.) *** Aşıq eldən yuxarı, Cığa teldən yuxarı, Quşlardan hansı quşdu, Dizi beldən yuxarı? (Aşıq eldən yuxarı, Cığa teldən yuxarı, Cəyirtgədir eşit sən, Dizi beldən yuxarı.) *** Birdən bar gətirir, birdən tökülür, Birdən çadır qurur, birdən sökülür. Birdən sərv olur, birdən bükülür. Onu bilən idrak nədi, huş nədi? (Qış, dağı qar alır, əriyir yazda, Sularda buz donur soyuq ayazda Ürək hərdən büküləndi az-az da Onu bilən fəhm, kamal huş olur.) *** Zülfün ucu gümüşdür, Sal boynuna ilişdir. Tapmacanı tap görüm, Yarpaqsız nə yemişdir? (Zülfün ucu ilandır, Sal boynuna dolandır, Tapmacanı tapmışam, Yarpaqsız dombalandır.) *** Mənə xəbər ver bir görüm, ay Cəlal, Nə qılıncdır yaralayar gözü yox? O nədir ki, tanrı dülgər yaratdı? Onun amma dürgərlikdə əli yox? (Sənə xəbər verim indi, ay dərdli, Söz qılıncdır yaralayar gözü yox. Çəyirtgəni tanrı dülgər yaratdı, Onun amma dülgərlikdə özü yox.) *** O kim idi kəsdi onu yağılar? O nədir ki, doğmaz özü doğular? O nədir ki, altı ayaqları var? O nədir ki, göz yerində gözü yox? (Nəsimidi kəsdi onu yağılar, O qatırdı özü doğmaz, doğular, Tərəzidir, altı ayaqları var. Cüt başlıdır, göz yerində gözü yox.) *** O nədi ki, gecə-gündüz laxlıyar? O nədi ki, hər nə versən saxlıyar? O nədi ki, kişiləri haxlıyar? Al cavabın usta söylə başqasın. (O geyimdir gecə-gündüz laxlıyar. O torpaqdı, hər nə versən saxlıyar. O bilikdi kişiləri haxlıyar. Al cavabın usta söylə başqasın. ) *** Usta bilirmisən elmin başını, Nə ilə kəsərlər gözün yaşını? O nədir ki, kəsər özü başını? Bunu bilən aşıq ustad olmuşdur. (Səbirdə bilərlər elmin başını, Təvəkküldü kəsər gözün yaşını Buludlardı kəsən özü başını, Bunu bilən ustad aşıq olmuşdur. ) |