Ah eylədiyim nəşeyi-qəlyanın üçündür PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,
Qan ağladığım qəhveyi-fincanın üçündür.

Vəz eylədiyim hədyəvü ehsandan ancaq,
Ümdə qərəzim kisəvü həmyanın üçündür.

Sərgəştəliyim xərməni-buğdalar ucundan,
Aşüftəliyim sərvətü samanın üçündür.

Fərş eylədiyim sinəmi hər gün qədəmində, -
Kəskin təməim süfrədəki nanın üçündür.

Bimar tənim küftəvü bozbaş ələmindən,
Xunin ciyərim dolma-badımcanın üçündür.

Ağzım dolusu neməti-firdovs dedikdə,
Boşqabda qara gözlü fisincanın üçündür.

Vəsf eylədiyim zövqlə ənhari-behişti
Kövsər məzəli şərbəti-reyhanın üçündür.

Gördüm ki, plov bişmədədir, aclığa dözdüm,
Bildim bu tədarük şəbi-ehsanın üçündür.

Ax, bircə görəydim səni, ey sevgili varis,
Meylim sən ilə dəsti-zərəfşanın üçündür.

Münimlərə can ver, könül, uyma füqərayə,
Sinəmdə səni bəslədiyim anın üçündür.

Ahın şərəri etməz əsər bir kəsə, Hop-hop,
Bu od sənin ancaq alışan canın üçündür...
Yan, dinmə, sən allah!
Qan, dinmə, sən allah!
Həq söylənmiş olsan,
Dan, dinmə, sən allah!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 61 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367092