Bu tifl ki, nuri-bəsərü şireyi-candır, Tabi-nənü arami-dilü ruhi-rəvandır, Min zəhmət ilə bəslədiyin tazə cəvandır, Göndərmə bunu məktəbə, rəhm eylə, amandır! Qoy küçədə naz ilə xuram eyləsin oğlun! Öz xoşladığı əmrə qiyam eyləsin oğlun! Bu bülbüli-şuridə ki, pagizə nəfəsdir, Aludeyi-qəm etməyə mail behəvəsdir, Bunca ki, gedib məktəbə, bildikləri bəsdir, Məktəbdir adı, leyk həqiqətdə qəfəsdir; Qoyma o dağılmışda məqam eyləsin oğlun! Sübhün belə viranədə şam eyləsin oğlun! Məktəbdə gedib dərs oxuyanları görürsən, Nitqi çəkilən tazə cəvanları görürsən, Qətən quruyub cismdə qanları görürsən, Arifsən, özün yaxşı-yamanları görürsən, Qıyma ki, gedib fikrini xam eyləsin oğlun! Ömrün qəmi-elm ilə təmam eyləsin oğlun! Bavər edəməm elmdən olsun fərəh aid, Elm artıq olursa, həm olur qəm mütəzaid, İstərsən əgər oğlun edə kəsb fəvaid, Həm sərvəti zaid ola, həm miknəti zaid, Tərğib elə ta kəsbi-həram eyləsin oğlun! Bir ad çıxarıb şöhrəti-tam eyləsin oğlun! Bicarə kişi, qanmağa başın hələ keydir, Axır mənə bir söylə görüm, elm nə şeydir? Bilmək nə görək kim, bu əlifdir, bu da beydir? “Həvvəz”, sora “hütti”, bu nə heydir, o nə heydir?* Qoy pul qazanıb, sədri məqam eyləsin oğlun! Bəy-xanlar ilə dəxl-kəlam eyləsin oğlun! Gop-gop* kimi bifaidə əhli-qələm olma, Ol Başıqapazlı,* vəli Bidərdü* Qəm* olma, Qızdırmalı* ol, Təşnələbü* Didənəm* olma, Molla Mozanlara* uyuş, möhtərəm olma, Qoy Hop-hop olub, şöhrəti-tam eyləsin oğlun! Kəsbin buraxıb, şerə dəvam eyləsin oğlun! |