Bakı pəhlivanlarına PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Könlüm bulanır kuçədə cövlanını görcək,
Nitqim tutulur hərzəvü hədyanını görcək.

Canım üzülür əldəki qalxanına baxcaq,
Qəlbim alışır beldəki patranını görcək.

Baxdıqca revolverinə əndamım olur süst,
Bağrım yarılır xəncəri-bürranını görcək.

Təfriq edəməm: məstmi, huşyarmısan sən, -
Məstanərəviş, məşyi-pərişanını görcək.

Düşdün lotuluq məşqinə, islamə uyuşma,
Öldür nerədə olsa müsəlmanını görcək.

Qoy görkünü kəc qaşının üstündə, fırılda,
Kəndin kimi bir lotiyi-meydanını görcək.

Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,
Yum gözlərini xaneyi-viranını görcək.

Əmrədlər ilə keyfini çək bağda, çəməndə,
Bir baxma da ətfali-ciyərqanını görcək.

Gəh “iskoroxod” çəkmə, gəhi gey “lakeronni”,
Vellən gecə-gündüzdə xuramanını görcək.

Var-yoxunu sərf eylə barışnalara, ancaq
Söy həmsəri-məzlumeyi-nalanını görcək.
Gül, gül ki, cəvansən,
Əyyaşi-cəhansən,
Sərxoşlara cansən,
Hala güləcəksən.
Vəqta ki, qocaldın,
Rişi döşə saldın,
Pis günlərə qaldın,
Onda biləcəksən!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 20 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299655