Qorxuram PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Payi-piyadə düşürəm çöllərə, -
Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları, -
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin, -
Dalğalı tufan görürəm, qorxmuram.

Gəh çıxıram sahilə, hər yanda min
Vəhşiyi-qurran görürəm, qorxmuram.

Gah şəfəqtək düşürəm, dağlara, -
Yanğılı vulkan görürəm, qorxmuram.

Gəh enirəm sayətək ormanlara, -
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, -
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gəh məkan, -
Qəbrdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gəh mənə viranələr, -
Cin görürəm, can görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tühaf insan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!..

Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxmuram,
Qorxuram, qorxuram, qorxuram!...

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 31 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5368233