Bəzi yerlərdə təsadüf olunu aşa, ətə PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Bəzi yerlərdə təsadüf olunu aşa, ətə,
Müftə görcək tuturam kəndimi bozbaşa, ətə!

Deyirəm, kaş qonaqlıq olan evlərdə bütün
Yeyib-içməkdə başım bənd ola, çulğaşa ətə!

O qədər xoşlanıram tüstüsü çıxcaq kababın –
Ac pişiktək cumuram çövq ilə birbaşa ətə!

Görürəm ta əti qəssab dükanında asılıb,
Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!

Nuş olur çanıma ət, xasə o həngamdə kim,
Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə!

Əti çox istəyirəm, leyk pulu ondan çox,
Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!

Xərc edir bir nara əşxas pulun bayramda
Zəfəranə, yağa, razyanəyə, xaşxaşa, ətə!

Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,
Yaramır pul verilə hər quruya, yaşa, ətə!

Pulu ancaq yaraşır çinləyəsən sənduqə,
Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə?!

Oylə zəhləm gedir, allah da bilir, millətdən,
Oluram süst adı gəlcək, dönürəm daşa, ətə!

Adı puldursa pulun, leyk özü can yonqarıdır,
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!

Verərəm dinimi, imanımı, əmma pulumu
Vermərəm, “Bəhlul”* ağa, arxayın ol, aşa, ətə!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 61 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367090