Daş qəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! Artdıqca həyasızlıq olur el mütəhəmmil, Hər zülmə dözən canları neylərdin, ilahi?! Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, - Bilməm belə dövranları neylərdin, ilahi?! Məzlumların göz yaşı dərya olacaqmış, - Dəryaları, ümmanları neylərdin, ilahi?! Səyyadi-cəfakardə rəhm olmayacaqmış, - Ahuləri, ceyranları neylərdin, ilahi?! Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, - Töxm əkməyə dehqanları neylərdin, ilahi?! İş rəncbərin, güc öküzün, yer özününkü, - Bəyzadələri, xanları neylərdin, ilahi?! Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, - Dildadeyi-irfanları neylərdin, ilahi?! Surtuqlu müsəlmanları təkfirə qoyan bu Döşdüklü müsəlmanları neylərdin, ilahi?! Yaxud buların bunca nüfuzu olacaqmış, - Büş-üç bu süxəndanları neylərdin, ilahi?! Qeyrətli danosbazlarımız iş bacarırkən, - Tənbəl, dəli şeytanları neylərdin, ilahi?! Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, - Evlərdəki insanları neylərdin, ilahi?! Tacirlərimiz Sonyalara bənd olacaqmış, - Bədbəxt Tükəzbanları neylərdin, ilahi?! Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb! Baxdıqca bu hikmətlərə heyran oluram həp!.. |