Olmur, olmasın! PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 

Ata

Kücədə tullan, ey oğul, sənətin olmur, olmasın!
Sənətə, dərsə, məktəbə rəğbətin olmur, olmasın!

 

Oğul

Kəsbinə getməyə, ata, fürsətin olmur, olmasın!
Gündə bir arvad al, boşa, qeyrətin olmur, olmasın!

 

Ata

Axşam olanda çıx çölə, gəlmə səbahətk hələ,
Neyləsən eylə,* bir belə ismətin olmur, olmasın!
Iffətin olmur, olmasın!

 

Oğul

Axşam olanda yax həna, düz zəvəcatı yan-yana,
Girdin o dəm ki, yorğana, halətin olmur, olmasın!
Qüdrətin olmur, olmasın!

 

Ata

Tezdən ayılma bir səhər, dərsinə qılma bir nəzər,
Elm oxumaqda, müxtəsər, niyyətin olmur, olmasın!
Himmətin olmur, olmasın!

 

Oğul

Saqqalı bağlı hər səhər, isti həmamə qıl güzər,
Qorxma, azarlasan əgər, səhhətin olmur, olmasın!
Behcətin olmur, olmasın!

 

Ata

Uşqoladan çıxan zaman, hər yeri vurnuxan zaman,
El sənə pis baxan zaman, ibrətin olmur, olmasın!
Xiclətin olmur, olmasın!

 

Oğul

Tək həyətə girən zaman, qonşu qızın görən zaman,
Şövq ilə dindirən zaman, övrətin olmur, olmasın!
Qismətin olmur, olmasın!
Başına eşqi dolmasın!
Rişini Zalxa yolmasın!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 11 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299796