Ay haray! PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Ay haray, bir neçə şair, neçə şair kimilər
İstəyir döndərələr Kəncəyə Şirvanımızı!

Yeni məktəb denilən bidətin icrası ilə
Bir də bərbad edələr xaneyi-viranımızı!

Kafir olduqları yetməzmi ki, bu hərzələrin,
İstəyirlər çəkələr küfrə müsəlmanımızı!

Ey bizi elmə dəlalət eləyənlər, bilirik,
Qəsdiniz elm deyil, səlbdir imanımızı!

Saxlarıq hörməti-islamı, daha doğru desək,
Açmarıq məktəbə hərgiz də cibişdanımızı!

Deyilik biz nuxulu, gəncəli, ya kim bakılı!
Belə boş işlərə vəqf eyləyək ehsanımızı!

İstəyirdiz bizi bir fəni ilə iqfal edəsiz,
Necə gördüz sizi təkfir edən ixvanımızı?!

Kafir etdikmi nəzərgahi-cəmaətdə sizi?!
Tanıdızmı bizi, gördüzmü də vicdanımızı?!

Gedin indi özünüzdən, dəxi bizdən də deyin!
Ala bildizmi hələ məktəbə sibyanımızı?!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 35 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365941