|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Satiralar.
|
Doğru deyən olsaydı yalançı usanardı, Avarə qalanlar dəxi bir söz də qanardı! Sabitqədəm olsaydı əgər yar vəfadə, Aşiq dəxi qaçmazdı bəladən, dayanardı! Əqval ilə əmal bir olsaydı, yəqinən, Bunca denilən sözlərə məxluq inanardı! Münsif həqə həq, batilə batil söləsəydi, Əlbəttə ki, nahəq söləyən şəxs utanardı! Şəxsiyyə qərəz yatmışa laylay deməsəydi, Qəflətlə yatan gözlərimiz bir oyanardı! Gər ağzı küləkli kişilər püfləməsəydi, Bir şəm ki, asudə yanır, həm də yanardı! Həq söyləyənin küfrünə hökm eyləməsəydik, Həqgu məgər öz fikrini gizlərdi, danardı?! |
|