Üç arvad PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Ax, bu uşaqlar necə bədzatdılar!
Lap deyəsən cin kimi bir zatdılar!

Bic-vələdüznalərə söz batmayır,
Min də nağıl aç, birin aldatmayır,
Keçdi gecə, mətləbə əl çatmayır,
Sübh olar indi, biri də yatmayır,
Nəşəmizə yaxşı xələl qatdılar!
Ax, bu uşaqlar necə bədzatdılar!

Hey yazıq arvad işi samanlayır,
Gəh Fatını, gəh Sadığı yanlayır,
Zeydi söyür, Kamiləni danlayır,
Körpə deyil, hər biri söz anlayır,
Əsl həqiqətdə də bədzatdılar!
Lap deyəsən cin kimi bir zatdılar!

Bir dəli şeytan deyir, aç bəd başın,
Gəl bu həramzadələrin at daşın,
Bir-birinə qat bacısın, qardaşın,
Əz bədənin, üz boğasın, kəs başın,
Gör məni axır kimə oxşatdılar!?
Ax, bu uşaqlar necə bədzatdılar!

Bir para bidinlər olub bədgüman,
Derlər: uyub arvada hacı filan,
Hər gecə Qəzvinə sürür karvan...
Sübhi də gərmabədə eylər məkan,
Leyk qaranlıq yerə daş atdılar!
Doğrusu, bunlar dəxi bədzatdılar!

Çox də məni bilməyin əhli-məcaz,
Qəsdim olur, məsələ olsun təraz,
Qüslə müsavi ki, deyil dəstəmaz,
Qüsl ilə bir rükətə mindir nəmaz...
Xasə çatır feyzə üç arvatdılar!
Bəxtəvər olsunlar, əcəb çatdılar!
Bir neçə şeytanə də ox atdılar!

Gərçi səvab əmr-ibadətdilər,
Əfzəli-feyz əhməzi-təatdədir,
Leyk o feyzi ki, nəhayətdədir,
Məncə, həman qüsli-cənabətdədir.
Heyf məni bu gecə toxdatdılar!
Ax, bu uşaqlar necə bədzatdılar!

Bağrımı çatdatdılar,
Sinəmi oxlatdılar,
İl gecəni sübhətək
Bircə məgər yatdılar?!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 26 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5368228