Səbr elə PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Etsə də aləm hamısı zəlzələ,
Aləmi gər tutsa da yüz vəlvələ,
Get yuxuya, durma, a qardaş, hələ!
Qovzama başın, cocuğum, səbr elə!

Qonşuların cəhd eləsə sənətə,
Yetsə də qeyriləri hürriyyətə,
Vermə qulaq söhbəti-milliyyətə,
Onlar əbəsdir ki, düşür möhnətə,
Ey adı insan, özü kərtənkələ!
Qovzama başın, cocuğum, səbr elə!

Zülm eləsə xan ilə bəy aclara,
Verməsə pul pullu da möhtaclara,
Rəhm olunmazsa yalavaclara,
Canı cəhənnəm, düşə yamaclara,
Bunlar üçün təng eləmə hövsələ!
Qovzama başın, cocuğum, səbr elə!

Qoyma, balam, oğlunu sən uşqola,
Qorxusu var, axırdı kafir ola,
Məşqini ver oğruluğa, sal yola,
Axırdı gər bağlasalar qol-qola,
Ya vel olub düşsə də əldən-ələ,
Qovzama başın, cocuğum, səbr elə!

Mollaların eyləmə pis adını,
Salma çölə eybini, hər zadını,
Saxlama çox boylə işin yadını –
Etsə kəbin özgənin arvadını,
Özgəsinə eyləmə çox həlhələ,
Qovzama başın, cocuğum, səbr elə!

Hər nə bəla gəlsə sənin başına,
Zülm edələr qövmünə, qardaşına,
Qatsa da düşmənlər ağı aşına,
Qərq olasan axırdı göz yaşına,
Müxtəsəri, keçsə də iş çəngələ,
Qovzama başın, cocuğum, səbr elə!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 13 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299644