Açıldıqca sənin sübhün, mənim də hörmətim artır, Qaraldıqca şəbi-tarin cəlalü şövkətim artır. Yığılmazkən qapılardan gözüm bir hərzə sailtək, O yağlı-yağlı aşlarçın ölüncə həsrətim artır. Alarsa hər gecə üç-dörd nəfər əşxas gər vədim, Nə qəm, beş-altı da olsa, mənim şəxsiyyətim artır. Müəmməm olmağım olmuş cəlaləfzayi-hər məclis, Çəkib gərdən dayandıqca o qədri qiymətim artır. Libasi-alimi olmuş mənimçin aləti-çərçi, Odur məğrur olub yövmən fəyövmən izzətim artır. Hikayət rəzalətbəxş tətbiqi-lüğat etsəm, Deyib rəngin ibarətlər, kəmalü şöhrətim artır. Buxarəndaz olduqca plov ol məclisi-amə Sürurabad olur, didəmdə surü behcətim artır. Badımcan dolması, ballı tərək, yağlı qovurmanı Görən tək üç gözüm, bəlinə zövqüm, sürətim artır. Oyanma, yat, a millət, dinmə, dinmə, durma, tərpənmə! Ayılsın, ah, vaveyla!.. Məlalü möhnətim artır!.. |