Bu boyda!.. PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Nədir olur bu cocuqlar əyan bu boyda, bu boyda?
Hara gedir bu yazıqlar, aman, bu boyda, bu boyda?

Əyinlərində “buluz”, başlarında baftalı şapqa,
Alınlarında urus tək nişan bu boyda, bu boyda!

Məgər bular deyil övladi-paki-dindaran?
Duturlar uşqulalarda məkan bu boyda, bu boyda!

Əcəb bu kim, buların da əcəb həyaləri vardır,
Böyük adam tək oxurlar həman bu boyda, bu boyda!

Bular gərək hələ “əbcəd”də hıqqana “qərəşət”də,
Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda!

Ana dilin belə bilmir iyirmi yaşlı cəvanlar,
Bilirlər indi bular beş lisan bu boyda, bu boyda!

Lisani-müxtəlifə bilməsi hələ belə dursun,
Qanırlar ərz nədir, asiman, bu boyda, bu boyda!

Məsahəti-küreyi-ərzi qitə-qitə tanırlar,
Deyirlə, seyr eləyir xakdan, bu boyda, bu boyda!

Bütün kəvakibi bir-bir öz adlarilə sayırlar
Ki, seyr edir hərəsi hər zaman, bu boyda, bu boyda!

Hənuz bir-ikini bilməyən zəmanları ikən
Edirlər elmi-hesabı bəyan bu boyda, bu boyda!

Yəqin ki, bunlara təlqin edir bu bilmeyi şeytan...
Və gör nə bunca bilərmi olan bu boyda, bu boyda?!

Amandı, qoymayın övladınız azıb çıxa yoldan!
Ola bu yaxşı vələdlər yaman bu boyda, bu boyda!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 55 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366649