Qabla dəxi marfaşını, Mir Haşım!* Durma, götür qaç başını, Mir Haşım! Qəsb edəli məsnədi-peyğəmbəri, Dikkeyi-baqqal elədin mənbəri, Lobya, noxud satmağa oldun cəri, İndi dəxi xoşlamayır müştəri Küncüdünü, xaşxaşını, Mir Haşım! Durma, götür qaç başını, Mir Haşım! Həq səni məhkum elədi taətə, Səcdə üçün adəmi-hürriyyətə,* Etdin iba əmri-rübubiyyətə, Eyləmədin səcdə, di gəl lənətə! Süzmə dəxi göz-qaşını, Mir Haşım! Durma, götür qaç başını, Mir Haşım! Əbrəhətək əzm elədin fil ilə, Kəbə evin yıxmağa təcil ilə, Dəsti-xuda teyri-əbavil ilə* Başınızı deşdimi siccil ilə?* Qırdımı yar-yoldaşını, Mir Haşım? Durma, götür qaç başını, Mir Haşım! Sən o deyildinmi, edəndə qiyam Səcdə edərdi sənə yeksər əvam? İndi olar da ayılıb bittəmam, Qılmadı heç yerdə sənə ehtiram, Atdı cəmaət daşını, Mir Haşım! Durma, götür qaç başını, Mir Haşım! Neyləyəsən, xəlqə sözün batmadı, Hiylələrin bir kəsi aldatmadı, Çərxəçilər də usanıb yatmadı, İndi ki, əhrarə gücün çatmadı – Topla qohum-qardaşını, Mir Haşım! Durma, götür qaç başını, Mir Haşım! Səndə günah qalmadı, qurban sənə, Səy elədin, çatmadı meydan sənə, Qaldı fəqət həsrətü hirman sənə, Çünki həram oldu fisincan sənə, İndi ye öz bozbaşını, Mir Haşım! Durma, götür qaç başını, Mir Haşım! Yardımı Səttar* başını, Mir Haşım?! |