Yuxu Çap et
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Heyvərə,* ey müdiri-əhli-füsun,
Bir yuxu görmüşəm, de, xeyr olsun!

Görürəm mən dünən gecə yuxuda
Yenə də sakin olmuşam Bakuda.

Bakudə, leyk lap uzaqlarda,
Gəzirəm bir para soqaqlarda;

O soqaqlar ki, ruzi-fitrətdən
Ari idi bütün nəzafətdən;

İndi, səd mərhəba, səfalənmiş,
Nuri-fanus ilə ziyalənmiş;

Yox ikkən sabiqən gediş-gəlişi,
İndi bir başqa rəng alıbdır işi;

Qapılardan çıxış, giriş vardır,
Bunda, əlbəttə ki, bir iş vardır...

Görürəm bunda bəzi əyanı,
Həpsinin var nəcabəti, şanı;

Qapını birbəbir döyür, danışır,
Bəzisilə hələ təzə tanışır.

Söz alır, pul verir, rica ediyor,
Ayrıla-ayrıla dua ediyor;

Bəzinə iştəhayi-mədə verir,
Bəzinə başqa-başqa vədə verir...

İstədim anlayam – nə işdir bu,
Nə alışdır bu, nə verişdir bu?

Məni xıs basdı fərti-heyrətdən,
Heyf, oyandım o xabi-rahətdən!

İndi, ey heyvərə, varınsa hünər,
Söylə təbirini bilərsən əgər?!

O soqaqlar, o şəxslər, yahu,
Kimdir aya, nədir, nə işdir bu?
                                                            

Nizədar.                            

                               

Təbir

Nizədara,* edib yuxun təsir,
Guş ver, mən edim onu təbir:

Gördüyündür Bakı qlasnıları
Ki, təmizlətdilər kuçə-bazarı;

Gecələr gəşt edib yığırlar “səs”,
Arifə bir işarə olmuş bəs!..