Adil zirək uşaq idi. Həm də bir az şıltaq idi. Anasının hər işinə, Bişmişinə, düşmüşünə Qarışardı. Yazıq ana Əlindən gəlmişdi cana. Üç yaşına çatar-çatmaz Anası dincəldi bir az. Onu qoydu bir bağçaya. O gün ağlaya-ağlaya Getdi; otağa girincə, Gördü: Solmaz, Noğul, Qönçə, Tofiq, Həsən, Azər, Gülzar Əllərində oyuncaqlar, Qazan kimi qaynayırlar. Adil baxdı heyrət ilə, Bir az sonra gülə-gülə Sevinərəkk, birdən qaçdı, Bağçada bir oyun açdı: İtələyib hər uşağı, Dartıb aldı oyuncağı. Səs-küy saldı birdən-birə, Sonra oturdu tez yerə. Uşaqlar və mürəbbiyə “Görək, neyləyəcək?” – deyə dodaqaltı gülürdülər. Üz-gözündən uçub kədər Adil coşub qaynayırdı, Öz-özünə oynayırdı. Onları öz qucağına Bir-bir yığıb dedi: - Ana, Bax, nə yaxşı şeylərim var! Mənimdir bu oyuncaqlar. Baxdı uşaqlara sarı - Solmaz dedi: - Oğlan, barı dovşanı ver mən oynadım. - Yox, vermərəm, mənim adım Adildir, heç oğlan deyil, Yaxın gəlmə, çəkil, çəkil! Mən özüm tək oynayacam, Bu sazı da mən çalacam! Dınqıldatdı kiçik sazı, Gözücü süzdü Solmazı. Uşaqlar güldülər ona, Adil qışqırdı: - Bax, ana, Bu uşaqlar gülür mənə. - Gəl, oyun öyrədim sənə. - Yox, bəs mənim anam hanı? Əlindən atdı dovşanı, Dəli kimi birdən qaçdı; İndi başqa oyun açdı: Ağlayırdı, bağırırdı, Anasını çağırırdı Ayağını döyə-döyə: Müdirə və mürəbbiyə Ona açaraq şirin dil, Dedilər: - Ağlama, Adil! Bu qalmaqal nəyə gərək? Anan bu saat gələcək. Ağlama, gəl, yaxşı bala, Oyna bizim uşaqlarla. Bax, nə qədər oyuncaq var! Həsən, Tofiq, Solmaz, Gülnar. Oynayın bu Adil ilə. Nə qədər tutdular dilə O ağlayıb bağırırdı, Anasını çağırırdı Ayağını döyə-döyə Müdirə və mürəbbiyə Zor-güc onu sakit etdi. Üç gün belə gəldi, getdi... Axır bağçaya öyrəndi, Gündən-günə o şənləndi. Daha yoxdur o şıltağı, İndi hər gün səhərçağı Göy şəfəqə boyanınca, Səhər Adil oyanınca, Göstərir öz şıltağını, Yerə döyüb ayağını, Deyir ağlaya-ağlaya: - Ana, gedək tez bağçaya! - Oğlum, tezdir, dayan, görək! - Yox, tez deyil, gedək, gedək! Vaxtım keçir, ana, tez ol! Çoxdan gəlib Solmaz, Noğul. Gəl, bağçamın vaxtı keçir, Onlar oyuncağı seçir. Mənə axı pisi qalır, İndi Həsən sazı çalır, “Cangülüm” oynayır hamı. Tez ol, bura ver çantamı! -Oğlum, tezdir, dayan görək! -Yox, tez deyil, gedək, gedək! 1951 |