|
Şeirlər -
Abdulla Şaiq. Şeirlər.
|
Dəvə otlaya-otlaya Kənddən bir az uzaqlaşdı. Yetişdi bir daşqın çaya, Sudan içib, çayı aşdı. Dizin büküb çökdü yerə, Ürəyində yoxdu qorxu. Xumarlandı, birdən-birə, Gözlərinə girdi yuxu. Tülkü çıxdı yuvasından. Görüncə yatmış dəvəni Ürəyində dedi: - “Ay can! Bəxtim ac qoymayır məni. Zorba dəvə ayağıyla Gəlmiş yuvamın ağzına; Onu keçirməkçün ələ, Quyruğumu quyruğuna Kəndir kimi bağlayaram, Çəkib yuvama dəvəni, Ürəyini dağlayaram; Bir ay doyurar o məni...” Bunu deyib, tez yan aldı, Dediyinə əməl etdi. Qüvvətini işə saldı, Quyruğunu ha tərpətdi. Dəvə etmədi hərəkət, Tərpənmədi heç yerindən. Tülkü işlədirkən qüvvət Zorba dəvə gördü birdən Tərpədirlər quyruğunu, Hol ilə qalxdı ayağa; Bu iş qorxutmuşdu onu, Üz qoydu kəndə qaçmağa. Tülkü havada sallanmış, Qurtarmaqçün öz canını: Gah buduna batırır diş, Gah keçirir dırnağını. Dəvə aldıqca hər yara, Qaçır daha sürət ilə. Tülkü ağa düşüb dara, Hey vurnuxur qüvvət ilə. Kəndə çatınca tülkünü İtlər görüb, hov-hov saldı. Dağıtdılar boz kürkünü. Hərəsi bir dişlək çaldı. 1942 |
|