|
Şeirlər -
Abdulla Şaiq. Şeirlər.
|
Oldu bir yolda tülkü qurda düçar, Hara, - sordu, - gedirsən, ey sərdar? Dedi qurd: - Ey iki gözüm, ciyərim, Gedirəm hər yerə düşə güzərim. Zülmdən qurtarıb olam rahət; Yaxdı, yandırdı canımı zillət, Hər zaman ki, məni görür insan, Öldürür, rəhm etməyir bir an. Dedi tülkü: - De bir mənə işini, Aparırsanmı o tamah dişini? -Harda olsam gərək olur bu dişim. Söylə; dişsiz mənim aşarmı işim? Dedi tülkü: - Əbəsdir bu söhbət, Ey gözüm, çəkmə boş yerə zəhmət. Nə qədər ki, səninlədir bu dişin, Keçəcək hər məkanda böylə işin. 1908 |
|