(Təmsil) Bir ədəd bikəmal bəççeyi-muş – Ki, hənuz olmamışdı sahibhuş, Görməmişdi ziyayi-dünyanı, Eyşü zövqü səfayi-dünyanı, Bir zaman bixəbər anasından, Çıxdı dışarı öz yuvasından. Seyr edərdi o kühu səhranı, Hər tərəf eyləyib tamaşanı. Ta ki oldu o xürdsalə əyan, Bir xürus ilə bir pişik o zaman. Pişiyi gördü oxşayır özünə, Xoş göründü pişik onun gözünə. İstədi eyləsin ona ülfət, Leyk qıldı xürusdən vəhşət. Qaçıban girdi öz yuvasına, Macəranı dedi anasına, Key olan rahəti-rəvanım ana, Ey təni-zarıma təvanım ana, Çıxmış idim bu gün səyahətə mən, Leyk oldum düçar möhnətə mən. Rast gəldim mən iki heyvanə, Üz verib qəm məni-pərişanə. Biri qayətdə xoşnüma idi, Sanki məhbubi-dilrüba idi. Bığlarında həcaməti var idi, Biz tək əslü nəcabəti var idi. Eylədim ülfətinə çox rəğbət, Leyk yarından eylədim vəhşət. Ku-kələk açdı hərzəvü pürmu, Hər zaman eyləyirdi quqqulu-qu. Gah qanadlarını döyürdü yerə, Xişm edəndə dönürdü şiri-nərə. Vardı başında şöleyi-atəş, Ürəyim ondan eyləyirdi ğəşş. Dedim: - Ey tarı, ver qanad mənə, Ver bu bədbəxtdən nicat mənə. Qaçıb ol xəsmdən məni-qafil Şükr oldum yuvamıza daxil. Olmasaydı əgər o pür pərü bal, Mənə hasil olurdu yarə vüsal. Dedi: - Ey novrəsideyi-madər, Rahətü nuri-dideyi-madər, Vəhşətin biməqamü bicadır, Ol xürusi ki, rəğbət-əfzadır – Ki, onun yoxdu bir ziyanı bizə, Bəlkə var rahəti-rəvanı bizə. Sübh vəqtində tez durub bannar, Annıyanlar işarəsin annar, Sənə amma o xoş gələn heyvan Düşməni-muşdir mühili-zaman. Ey bala, ondan ehtiraz eylə, O mühil ilə ülfət az eylə. Cəfər, ey sərvi-bustani-pədər, Güli-xoşətri-gülsitani-pədər, Var elə şey ki, xoşnümadı sənə, Leyk batində bir bəladı sənə. Var elə şey ki, xoş gəlir gözüvə, Leyk anın ziyanı var özüvə. Necə kim, “Dastani-bəççeyi-muş”. Oxusan eyləyər səni mədhuş. |