|
Nəsr -
Seyid Əzim Şirvani. Hekayətlər.
|
|
Harun-ər Rəşidin bağbanı bir gün bostandan xəlifə xidmətinə üç ədəd xiyar nübar gətirdi. Bağban xəlifənin məclisində ayaq üstə durmuşdu, ənam təmənnası var idi. Xəlifə bıçağıyla xiyarları bir-bir kəsib qabıqlı-qabıqlı hər üçünü yedi. Qurtarandan sonra bağbana ənam verib yola saldı. Nadimlərindən bir nəfər ərz elədi ki, bu gün xəlifədən qəribə əhval müşahidə olundu: üç nubar olan xiyardan bir dilim bir kimsəyə vermədi. Bunda nə hikmət var idi? Harun dedi ki, əvvəlinci xiyarı kəsib bir parça ağzıma qoydum, gördüm ki, zəhri-qatildən bir əlamətdir. O səbəbdən onu özüm yedim, qorxdum sizə ondan təarüf edim, siz bitəəmmül, deyəsiz ki, nə acı xiyardır, biçarə bağban ki, ənam fikriylə nübar gətiribdir, xəcalət çəkə. Fikr elədim ki, ikinci xiyarı kəsərəm, əgər şirin çıxsa, onu sizə təqsim elərəm. Ol dəxi acı çıxdı. Üçüncü xiyar olardan bədtər çıxtı. O səbəbdən sizə vermədim. Və illa, mən elə qarınqulu deyiləm.
|