| Yadımdadır çocuqluqda Əziz bayram gecələri... Anam, atam, üç qardaşım, Qoca nənəm, bir də əri.
Toplaşırdıq bir süfrənin Gülə-gülə dövrəsinə. Nənəm derdi: -Qurban olum Yaradanın süfrəsinə.
Bir sininin kənarında Yaxılırdı iki-üç şam, Qarşımızda şəkərbura, Noğul-nabat, püstə-badam.
Hələ üskü axşamları, Qiyamətdən nişanədir. Oynamaqçın çocuqlara Böylə günlər bəhanədir.
Ocaq yaxıb, od qalayıb Üzərində atlanırdıq. Oynayırdıq yorulduqca, Yorğunluğa qatlanırdıq.
“Gün çıx” deyə, “gün çıx” deyə Çalxanırdı sevincimiz. “Kəhər atı min çıx” deyə Qışqırırdı ən dincimiz.
Əynimizdə təzə paltar, Başımızda təzə papaq. Odlu məşəl əlimizdə Dolaşırdıq soqaq-soqaq.
Qışqırırdıq, bağırırdıq Ölçə-ölçə küçələri. Söz qısası, xoş keçirdi Bizə bayram gecələri.
Sabah Novruz bayramıdır Deyə-deyə yatıyorduq, Çəkdiyimiz acıları Sevinclərə qatıyorduq.
Bu axşamsa mən yalnızam, Ətrafımda yox bir kimsə. Qapdırmıyor bu yalnızlıq Fəqət məni qeyri-hissə.
Mən bu gecə sabahı bəkliyorum səbirsiz, Sabah məndən xəbərsiz Anlamıyor həycanımı, duyğumu; Zəncirləyib gözlərimdə uyğumu. İçində bir yatağan qıvrılıb gərinmədə, Xəyalən xəyalıma al şəfəqlər sinmədə. Yox, bu gecə mən özümdən fərqliyəm. Qarşımda bir kalendar... Baxmaqdayım, baxınmaqda haqlıyam. İstiyorum bir ruzgar Pəncərəmdən əsə-əsə Birnəfəsə, Bu gecəyi unudulmuş gecələrə çevirsin.
Bir ruzgar ki, şəffaf barmaqlarilə Bir vuruşda devirsin Son dəmini yaşayan bu yaprağı, Bir ruzgar ki, büllur dırnaqlarilə Tırmalasın otuz deyə mana baxan varağı.
Bu varağın arxasında Çünki şanlı bir mayis var, Bir mayisin yaxasında Qıpqırmızı bir köküs var.
Bir köküs ki, yeni həyat Sevdasilə dalğalanır. Üfüqlərdə çalıb qanat Şəfəqlərdə yırğalanır.
Odur ki, mən sabahı bəkliyorum səbirsiz, Sabah məndən xəbərsiz Anlamıyor heycanımı, duyğumu; Zəncirləyib gözlərimdə uyğumu İçində bir yatağan qıvrılıb gərinmədə, Xəyalən xəyalıma al şəfəqlər sinmədə. 1930 |