1906: Bir məclisdə on iki kişinin söhbəti PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 

Vəkil

Həqsizə həqli deyib, bir çox günaha batmışam.

 

Həkim

Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam.

 

Tacir

Mən həlal ilə həramı bir-birinə qatmışam.

 

Rövzəxan

Ümmətin pulun alıb, mən gözlərin islatmışam. 

 

Dərviş

Nerdə bulsam soq açıb, min-min yalan söz satmışam.

 

Sofi

Ruzü şəb həq-həq deyib, mən hər kəsi oynatmışam.

 

Molla

Gündə bir fitva verib, məxluqu çox aldatmışam. 

 

Elm

Qəti-ümmid etmişəm, yeksər bu qövmi atmışam. 

 

Cəhl

Ortada keyf eyləyib, mən həm məramə çatmışam. 

 

Şair

Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam. 

 

Əvam

Anlamam hərgiz, cəhalət bəstərində yatmışam. 

 

Qəzetəci

Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299527