Ol gün ki, sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad! Təyin elə cindarı ki, etsin ona imdad, Ta dəyməyə həmzad; Sağdan sola, soldan sağa sal boynuna heykəl, Qoy cinni məəttəl; Min gunə tilismatə tutub eylə müqəffəl, Gəzdir onu əl-əl; Gər dəysə sovuq, sancılanıb olsa da bimar, Hökm et gələ cindar; Göstərmə təbibə o ciyərguşəni zinhar, Qoyma ola murdar; Ağlarsa uşaq dərdinin axtarma dəvasın, Ancaq söy anasın; Qorxuzsun o da damdabaca ilə çağasın, Kəssin də sədasın; Örgət ona, əlbəttə, özün bir neçə mövhum, Məhdud ola məsum; Bu sayədə ömr eyləyə dünyadə o məzlum, Hər haləti məzmum; Tək-tək dil açanda ona təlim elə hədyan, Həm olma peşiman; Bildir ona min dürlü qəbahətləri hər an, Alsın ələ ünvan; On yaşa yetincə uşağın eyləmə qəflət, Qandır neçə bidət; Ta on beşə yetdikcə tapa işdə məharət, Həm eyləyə adət; Göndərmə onu məktəbə, dəng eyləmə başın, Tökmə üzə yaşın; Hər fənd və bicliklə edər kəsb məaşın, Saxlar özü başın; Rahət nəyə lazım edə dünyadə məişət, Ruldurçuluq örgət; Tainki-qumar oynaya, qətl eyləyə, qarət, Xoşdur belə sənət; Dünyanı soyub, eyləyə hər gün səni xürsənd, Sağ ol, belə fərzənd! Evdə tapılır imdi dəxi çay, plov, qənd, Kimdir sənə manənd? Hagəh alınıb həbsə, dutarsa səni vəhşət, Ver hakimə rüşvət; Sat var-yoxunu, advoqata ver neçə xələt, Puç ol hələ-həlbət; Axırda olub həsrəti-didari-cəmali, Qal kisəsi xali; Qaldıqda oğulsuz dəxi tez başla suali, Al vuzrü vəbali; Tap rizqi-həlali, Ay başı bəlali, Yığ dəymişi, kali, Olmaz oxumaqdan Tapmaq bu cəlali!.. |