Könlüm bulanır kuçədə cövlanını görcək, Nitqim tutulur hərzəvü hədyanını görcək. Canım üzülür əldəki qalxanına baxcaq, Qəlbim alışır beldəki patranını görcək. Baxdıqca revolverinə əndamım olur süst, Bağrım yarılır xəncəri-bürranını görcək. Təfriq edəməm: məstmi, huşyarmısan sən, - Məstanərəviş, məşyi-pərişanını görcək. Düşdün lotuluq məşqinə, islamə uyuşma, Öldür nerədə olsa müsəlmanını görcək. Qoy görkünü kəc qaşının üstündə, fırılda, Kəndin kimi bir lotiyi-meydanını görcək. Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə, Yum gözlərini xaneyi-viranını görcək. Əmrədlər ilə keyfini çək bağda, çəməndə, Bir baxma da ətfali-ciyərqanını görcək. Gəh “iskoroxod” çəkmə, gəhi gey “lakeronni”, Vellən gecə-gündüzdə xuramanını görcək. Var-yoxunu sərf eylə barışnalara, ancaq Söy həmsəri-məzlumeyi-nalanını görcək. Gül, gül ki, cəvansən, Əyyaşi-cəhansən, Sərxoşlara cansən, Hala güləcəksən. Vəqta ki, qocaldın, Rişi döşə saldın, Pis günlərə qaldın, Onda biləcəksən!.. |