Nolur şirinməzar etsə məni həlvayi-hürriyyət PDF Çap et Dosta göndər
M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Nolur şirinməzar etsə məni həlvayi-hürriyyət,
Yesəm bir löqmə ondan, söyləsəm oxqay, hürriyyət!

De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında
Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət;

Yığıb da doldurdular kisə-kisə, bağlanır möhkəm,
Urullar təllə, dağdan da aşır balayi-hürriyyət.

Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın,
Dedim, yaran, nolur verməz mənə bir payi-hürriyyət!

Sözüm xoş gəlməyib təhvildarə, söylədi: “Güm şo!
Bədəsti kütəh əz nəxl məcu xurmayi-hürriyyət?

Nəmidani ki, in dilbər bu gün məxsusi İranəst,
Tu xud naməhrəmi bər şahidi-zibayi-hürriyyət?”*

Kəmali-yəs ilə məhrum olub, bir yanda əyləşdim;
Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət.

Svistok qışqırıb, kəşti rəvan oldu, baxırdım mən,
Hələ getməkdə idi zövrəqi-dəryayi-hürriyyət.

Ki, nagəh bir qara bayraq açıldı dor ağacında,
Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət;

Oxurkən xətti məlum oldu kəştibanı qərq olmuş,
Qalıb dəryadə heyran kəştiyi-dəvayi-hürriyyət.

Xüruşan mövclər hər səmtdən yeksər hücumavər,
Görüb əmvacı kəştidən ucaldı: vay, hürriyyət!

Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,
Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət!..

 


*Rədd ol, bu qısa əl ilə xurma ağacından hürriyyət xurması dərə bilməzsən. Bilmirsənmi ki, bu gözəl bu gün İrana məxsusdur? Sən özün hürriyyətin gözəl dilbərinə naməhrəmsən.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 69 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367467