Səradən bir şeytan deyər: insanlar, insanlar! PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

Səradən bir şeytan deyər: insanlar, insanlar!
Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?

Qanan kim, qandıran kim, nəşri-irfan eyləyən kimdir?
Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar!?

Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas,
Düşər şənü şərəfdən mollalar, işanlar, insanlar!

Sevərmi əhli-istibdad millət huşyar olsun?
Buna razı olurmu bir neçə vicdanlar, insanlar!?

Ayılmış rəncbərlər, almaq istər həqqi-məşruin,
Nə yerdə qalmısız bəylər, ağalar, xanlar, insanlar!?

Mühərrirlər, müfəttinlər ysanmazlar, utanmazlar,
Yazarlar həzələr, əfsanələr, hədyanlar, insanlar!

Şərarətdən çəkib əl, xeyrə mail olmayın bir dəm,
Kəsin başlar, alın canlar, tökün min qanlar, insanlar!

Bəşərsiz, sizdə qan tökmək təbindir, cibillidir,
Bu fitrətdən uzaqdır, şübhəsiz, şeytanlar, insanlar!

Deyilmi heyf dillərdən qübari-cəhl məhv olsun?
Neçin hər gündə qandan qopmasın tufanlar, insanlar!?

Dəmadəm nəfsi-əmmarə deməkdə “üqtülül-ixvan”,
Neçin salim qala başlar, bədənlər, canlar, insanlar!?

Cəhalət pərdəsin çak etməyin, onda görərsiz kim,
Səradir cismlər, həm nəfslər, şeytanlar, insanlar!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 66 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366106