Sərhesab PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

Səs ucalaşdı, qoymayın!
Millət oyaşdı, qoymayın!
Rişteyi-dərsə, məktəbə...
Cümlə dolaşdı, qoymayın!
İş yavalaşdı, qoymayın!

El uyuşub azanlara,
Gündə qəzet yazanlara,
Od vurulub qazanlara,
Qaynadı, daşdı, qoymayın!
Həddidən aşdı, qoymayın!

Tərk eləyin cavanları,
Zərrəcə yoxdu qanları,
Sözləri doğru isə də,
Başları saşdı, qoymayın!
Çöhrə təraşdı, qoymayın!

Sehri, füsunu xoşlayın,
Şairi, şeri boşlayın,
Məktəb ilə bu firqənin
Bağrı badaşdı, qoymayın!
Nikbəti var, səsin kəsin!
Qarğa, dolaşdı, qoymayın!
Çox pis ulaşdı, qoymayın!

Kafir olub, vurun, vurun!
Rişteyi-ülfətin qırın!
Yazdığı şerini cırın!
Dinə sataşdı, qoymayın!
Küfrə bulaşdı, qoymayın!

Əqli, şüuru, fəhmi yox,
İrzü həyadə səhmi yox,
Məzhəbi, dini, rəhmi yox,
İşləri yaşdı, qoymayın!
Lap danabaşdı, qoymayın!
Qırıldı qaşdı, qoymayın!
Gözdən uzaşdı, qoymayın!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 34 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366386