Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb! Nu nə söz ki, ac qalanə oluna ianə, ya rəb! Çıxa canı ac qalanın gözünün bəbəklərindən, Gedib işləsin, qazansın əlinin əməklərindən, Nədir ağniyayə xeyri oların yeməklərindən? Yeməyib acından ölsə, dəxi xoş bəhanə, ya rəb! Mənə boylə-boylə işdə deməyin söz, ey camaət! Nəyimə gərək ki, yeksər qırılıb ölür də millət? Yaradan xudayi-raziq edəcək özü kəfalət, Nə rəva baxam fəqirə, ürəyim bulanə, ya rəb! Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə? Elə bir iş olmamış hey verilir səda-sədayə - Ki, gərək kömək olunsun füqərayi-binəvayə... Elə puldu göndərilsin o yanə-bu yanə, ya rəb! Sənə nə, evin yıxılsın, füqarə üçün yanırsan? Atan oğlu qardaşındır, nə də hiç bir tanırsan?! İki gözlərimdi pulum, kişi, bir məgər qanırsan?! Onu vermək olmur axır hər ölən-qalanə, ya rəb! Füqəralər əğniyanın tanısın neçin yaxasın? Əgər acdı qarnı, satsın papağın, çulun-çuxasın; Edə ağniya da başqa işə dair öz səxasın, Məgər azdı bəzlü bəxşi filanə, filanə, ya rəb! Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna! Əməlin gör əğniyanın, yeri varsa, sonra danna! Pulunu fəqirə versin, bəs acından ölsün Anna? O məgər ki, Xansənəmdir, qapılar dolanə, ya rəb?! |